• Rusiyadan Bakıya ünvanlı yeni təhdidərin pərdəarxası - TƏHLİL

    Rusiyadan Bakıya ünvanlı yeni təhdidərin pərdəarxası - TƏHLİL

    Tanınmış rusiyalı politoloq, Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Azərbaycanla bağlı “sürpriz” fikirlər söyləyib. Kremlin danışmanlarından sayılan Duqin bugünlərdə bildirib ki, Moskva guya 2-ci Qarabağ savaşında Azərbaycanın qələbə çalması üçün “ondan tələb olunan hər şeyi edib”, “verdiyi vədləri tutub” və artıq növbə Bakınındır: “Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) və KTMT-yə (”Rus NATO-su") girməsinin zamanı çatıb". Əks halda...

    Əks halda, o, Bakını faktiki hərbi qələbəni itirə biləcəyi ilə (!) hədələyib. Sitat: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu, tamamilə gözəl və sevindiricidir. Ancaq siyasət elə bir şeydir ki, sabah da gərək qalib olasan ki, qələbəni saxlaya biləsən. Siyasət hər zaman açıq bir prosesdir. Əgər qələbənin nəticələrini möhkəmlətməsən, hər şeyi itirə bilərsən”.

    Cənab Duqin əmindir ki, “Azərbaycanın KTMT və AİB-yə qoşulma vaxtı gəlib” və bu müddətin “təxirə salınması” Moskvada “anlaşılmazlığa” səbəb ola bilər. Üstəlik, onun qənaətincə, bu məsələ “sualtı daşa” çevrilə bilər. Onun sözlərinə görə, həmin qurumlara daxil olmaqla Azərbaycan Ermənistanla “bərabərləşmiş” olacaq və özünü daha azad hiss edəcək". Yəni sadə dilə tərcümə eləsək, rusiyalı avatrsiyaçı hesab edir ki, Bakı KTMT və AİB-yə “xoşluqla” qoşulsa, daha yaxşıdır, əks təqdirdə, qələbəsini qoruya bilməyəcək, hər necə olmasa, Moskva öz “öhdəliklərini” artıq yerinə yetirib.

    *****

    Ancaq Moskvanın Bakı qarşısında “yerinə yetirdiyi” hansı “öhdəliklərdən” söhbət getdiyi naməlum qalır. Məlum olan odur ki, Rusiya 44 günlük müharibə zamanı öz satellitinin darmadağın olmaması üçün Azərbaycan ərazisinə qoşun yeritməkdən savayı, İrəvana istənilən köməyi edib - xaricə satışı qadağan olunmuş “İsgəndər M” taktiki raket kompleksini ötürməyədək. Hansı raketlərin qalıqları ki, Şuşa ətrafında (!) tapıldı və Duqin məlum müsahibəni verərkən Moskva “dost Azərbaycan”a qarşı niyə belə hərəkət etdiyinə aydınlıq gətirməmişdi. Görəsən, Şuşa azad ediləndən sonra şəhərin “İsgəndər”lə vurulması Kremlin hansı “öhdəliyinə” daxil imiş?

    Başqa sözlə, “İsgəndər-M” qalıqları tapıldı, lakin Duqinin iddia elədiyi, Azərbaycanla bağlı Moskvanın hansısa öhdəliklərinin həyata keçirildiyinə dair heç bir dəlil-sübut tapılmadı. Rusiyalı ekspertin hədəsi həm də bu kontekstdə diqqət çəkir.

    Yəni olmaya bu, şimal qonşumuzun qabaqdan gəlmişliyidir? O anlamda ki, “qara məni basınca mən qaranı basım” və “İsgəndər M”lə bağlı rüsvayçı faktı gündəmdən arxa plana keçirmək. Halbuki məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev nə qədər dost münasibətdə olsa da, həmkarı Putinlə danışdığını bildirib, Rusiyaya rəsmi məktub göndərilib və Moskvadan izahat gözlənilir. Çünki söhbət hər şeydən öncə ölkəmizin suveren haqqına girməkdən gedir...

    *****

    Azərbaycanın adıçəkilən birliklərə qoşulması ilə guya Ermənistanla “bərabərləşəcəyinə”, Moskvanın da işinin “rahatlaşacağına” gəlincə, yada salaq ki, Dağlıq Qarabağ konflikti elə Azərbaycan və Ermənistanın paytaxtı Moskva olan vahid dövlət tərkibində yaşadığı vaxtda alovlanıb. O zaman Kremlin konfliktin ədalətli həllinə (elə SSRİ dağılandan sonra da) hansı “töhfələri” verdiyini orta və yaşlı nəsil yaxşı xatırlayır. Yəqin ki, Duqinin özü də.

    Azərbaycan özündə güc tapıb və qardaş Türkiyəni, dost İsraili və Pakistanı yanına alıb problemi hərbi-siyasi yolla çözməsəydi, Allah bilir, Moskva daha necə on il konfliktin nizamlanmasına əngəl olacaqdı. Üstəlik, Azərbaycan məhz SSRİ tərkibində olanda Zəngəzur və Göyçə ondan qoparılaraq Ermənistana hədiyyə edilib. Rusiyalı politoloq bütün bunların Azərbaycanda unudulduğunumu zənn edir?

    İstisna deyil ki, şimaldan əsməyə başlayan bu soyuq “külək” həm də Co Baydenin Ağ Evə gəlişi ilə Rusiyaya qarşı ABŞ-ın barışmaz siyasət yürütməyə başlamasından qaynaqlanır. Görünən budur ki, Kreml getdikcə daha da sərtləşən sanksiyalardan dolayı narahatdır və Moskva bu kritik dönəmdə “yaxın xaric” ölkələrinin özünə qarşı sədaqətinə nəinki əmin olmaq istəyir, hətta fürsətkən onları hədələməyə çalışır. Lakin bu, Rusiya üçün əks-effekt də yarada bilər.

    “Duqinin bu açıqlaması çox qəribə və bütün hədləri aşan bir açıqlamadır. 2-ci Qarabağ müharibəsi zamanı Moskva özü üçün strateji bir oyun qurmuşdu və onu öz xeyrinə yekunlaşdırdı. Əgər Rusiya və onun sülhməramlı kontingenti olmasaydı, Azərbaycan Ordusu özü Kəlbəcər və Laçın da daxil olmaqla, digər işğal olunmuş əraziləri azad edəcəkdi. Bu vəziyyətdə Ermənistanın bütün dövlət strukturları məhv olacaqdı. Azərbaycan yenə öz ərazi bütövlüyünü bərpa edəcək, Rusiyanın Cənubi Qafqaz bölgəsindəki təsiri isə zəif formada, o da Ermənistan çərçivəsində qalacaqdı”.

    Bunu Minval.az-a politoloq Qabil Hüseynli deyib. Politoloq əmindir: “Artıq Türkiyənin bölgədəki təsiri artmaqdadır və gec-tez qardaş ölkə bölgəmizdəki Rusiyanın müəyyən şıltaqlıqlarını önləmək üçün addımlar atacaq. Yalnız bir azca səbir etməliyik və hadisələri izləməliyik. Vəziyyətin Azərbaycanın xeyrinə inkişaf etdiyinə inanıram. Azərbaycan bütün məsələləri 97-98% həll edib, yalnız 2% -i qalır, bunu da zamanla yoluna qoyacağıq...”

    *****

    Yəqin ki, rəsmi Bakının da Duqinin təhdidlərinə hansısa reaksiyası olacaq.

    “Yeni Müsavat” bu yerdə xatırladır ki, 2021-ci ilin fevralında işğaldan azad edilmiş ərazilərimizi ziyarət edən digər rusiyalı tanınmış politoloq Sergey Markov Duqin kimi hədələyici tonda olmasa da, bənzər fikir söyləmişdi. Demişdi ki, Avropa Birliyindən (AB) şərqdə yerləşən ölkələr Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmalıdır. Markov bu ölkələr sırasına Türkiyəni, Moldovanı, Azərbaycanı, Gürcüstanı və Ukraynanı aid eləmişdi.

    Əlavə edək ki, AİB də, “Rus NATO-su” da Kremlin geosiyasi layihələri sayılır və müstəsna olaraq Qərbə qarşı koalisiya, güc mərkəzi yaratmaq, daha uzaq perspektivdə isə SSRİ-ni hansısa formada bərpa eləmək niyyəti güdür. Şübhə yox ki, AİB-yə qoşulmağın ardınca KTMT-yə üzvlük də avtomatik şəkildə gündəmə gələcək. Bununla ölkəmiz hərbi təhlükəsizlik baxımından da Rusiya orbitində yer almış olacaq. Bu isə Bakının həmin birliklər, daha dəqiqi, Moskva qarşısında yeni və konkret öhdəliklər götürməsi demək olacaq və qardaş Türkiyə ilə hərbi, hərbi-texniki əməkdaşlığımızı dar çərçivəyə salacaq.

    Azərbaycanın stabil inkişafının, müstəqilliyinin və təhlükəsizliyinin yeganə qarantı isə - Rusiya ilə strateji tərəfdaşlığa əsaslanan normal qonşuluq münasibətləri fonunda qardaş Türkiyə ilə strateji müttəfiqlikdir. Yəni Rusiya ilə tərəfdaşlıq, Türkiyə ilə müttəfiqlik. Bu yanaşmanın doğruluğu ərazilərimizin cəmi 44 gündə hərbi yolla işğaldan azad edilməsində özünü bariz şəkildə göstərdi. Zaman-zaman yazdığımız kimi və Duqinin nə söyləməsindən asılı olmayaraq, Türkiyə harada, biz də orada. Əgər qardaş ölkə AİB-ə qoşulub orada Rusiyaya paritet yaradarsa, biz də qoşula bilərik...(“Yeni Müsavat”)

    Rubrika.Az


    Facebook-da paylaş