• Ermənilərin yeni isteriyası: indi də Baydendən şübhələnirlər - “Soyqırım dedi, amma...”

    Ermənilərin yeni isteriyası: indi də Baydendən şübhələnirlər - “Soyqırım dedi, amma...”

    ABŞ liderinin quru sözdən uzağa getməməsi, Türkiyəni itirmək istəməməsi, Ərdoğana bir gün öncəki müəmmalı zəngi erməniləri təlaşlandırıb; Sərkisyan: “Türkiyə hələ də öz səfirini Vaşinqtondan geri çağırmayıb, demək ki...”

    Ermənilərin millət olaraq mahiyyəti bəlkə də heç özlərinə də tam aydın deyil. Böyük ölçüdə nə istədikləri də eləcə. Nə qonşu kimi düz-əməlli, normal qonşu ola bilirlər, nə də dost-müttəfiq kimi simsar-sirdaş. Yeri gələndə isə öz ağalarını elə rahatca dəyişirlər ki, əlin üzündə qalır. Ümumiyyətlə, əsrlədir ağasız-sahibsiz yaşaya bilmirlər.

    Bununla belə, özlərini “ən qədim dövlətçiliyə” malik, “ən ulu”, “ən mədəni”, “xristianlığı ən birinci qəbul eləmiş” xalq kimi bəşəriyyətə sırımaqdan da həya eləmirlər. Çünki köləlik və ululuq, vassallıq və dövlətçilik - tərs mütənasib anlayışlardır.

    Keçək mətləbə. İndi də bədnam toplumun təmsilçiləri az öncə sevincək olduqları, ABŞ prezidenti Co Baydenin aprelin 24-də “erməni soyqırımı” ifadəsi işlətməsinə başqa rəng verməyə başlayıblar. Bunu erməni ekspert-politoloqların aşağıda təqdim elədiyimiz rəylərindən aydın görmək olar.

    *****

    “Ermənistan ABŞ prezidenti Baydenin ”erməni soyqırımı"nın tanımasını alqışlayır. Bununla yanaşı, ekspert dairələrini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fakta “yumşaq” reaksiyası təəccübləndirib".

    “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan” yazıb və ardınca yerli şərhçilərin fikirlərini təqdim edib. Ümumi qənaət belədir ki, ABŞ-ın 46-cı prezidentinin “soyqırımı” tanımasının Ermənistana həm faydası, həm də zərəri ola bilər və “hər şey İrəvanın siyasətindən və onun nə dərəcədə öz tarixi vətənini qorumağa hazır olmasından” asılı olacaq.

    Məsələn, erməni türkoloq Tiqran Lokmagezyan istisna eləmir ki, Bayden və Ərdoğan həm Ağ Ev rəhbərinin “soyqırım” sözünü işlətmək istəməsi, həm də Ankaranın buna reaksiyası ilə bağlı öncədən anlaşıblar. “Türkiyə lideri Ərdoğan amerikalı həmkarının Osmanlıda ”erməni soyqırımı"nı tanımasından dərindən kədərləndiyini söylədi. Türkiyədən və xüsusən də Ərdoğandan belə yumşaq reaksiya gözlənilməz idi. Üstəlik, adətən belə hallarda olduğunun əksinə olaraq, Ankarada anti-Amerika isteriyası qeydə alınmadı", - deyə o, öz təəccübünü gizlətməyib.

    Lokmagezyanın ehtimalına əsasən, Bayden və Ərdoğan arasında tanınma ərəfəsində baş verən telefon danışığı təsadüfi deyil: “Yəqin ki, Vaşinqton bunun müqabilində Ankaraya nəsə təklif edib. İstər Ermənistanla, istərsə də Suriya problemi ilə bağlı olsun, Türkiyənin dəqiq nə alacağını söyləyə bilmərəm, bununla belə, əminəm ki, vəd edilənlər çox ciddidir. İstənilən halda, tanınmanın arxasında nə durur-dursun, Ermənistan hakimiyyəti dövlətçiliyi qorumalı, tarixi torpaqların geri qaytarılması (Türkiyədən ərazi təzminatı iddiası nəzərdə tutulur - red.) məsələsini qaldırmalıdır. Əks təqdirdə, ABŞ-dakı erməni diasporu da daxil olmaqla, bütün səylərimiz boşa çıxacaq”.

    Öz növbəsində beynəlxalq məsələlər üzrə erməni şərhçi Nairi Ohikyan Ağ Ev rəhbərinin 24 aprel bəyanatındakı sətirlər arası mənalara diqqət yönəltməyi vacib sayır. “Bayden erməni icmasına verdiyi vədi tutdu. Ancaq bundan xüsusi olaraq ilhamlanmağa gərək yoxdur: bu, ermənilərə təzminat ödənilməsi və torpaqların qaytarılması anlamına gəlmir. Sadəcə, daha bir dövlət ”erməni soyqırımı"nı tanıdı - Ağ Ev administrasiyası rəhbərinin bəyanatına bu kontekstdə baxılmalıdır", - Ohikyan vurğulayıb.

    O, Amerika prezidentinin açıqlamasında digər məqamlara da diqqət yetirməyi zəruri sayır: “Xüsusilə də Baydenin bəyanatı kimisə günahlandırmaq üçün deyil, keçmişdəki faciələrin təkrarlanmaması üçün verdiyini açıqlaması narahatlıq doğurur. Belə çıxır, ABŞ lideri bir milyon yarım erməninin məhv edilməsindən təəssüflənir, lakin eyni zamanda baş verənlərdə Türkiyəni də günahlandırmır. Bu isə Ankaranın törədilən cinayətlərə görə cavab verəcəyinə inanmamaq anlamına gəlir. Türkiyədən cavab tələb eləməmək isə səhvdir”.

    Ohikyan ona da əmindir ki, Vaşinqton Ermənistan və ermənilər naminə Ankara ilə iqtisadi münasibətlərini qurban verməyə hazır deyil. “ABŞ və Türkiyə arasındakı ticarət dövriyyəsi dünyada ən yüksək göstəricilərdən biridir - 26 milyard dollar. Bu xüsusda ABŞ hüquqi çərçivədə heç bir addım atmayacaq. Əslində ABŞ 106 il əvvəlki hadisələri soyqırımı kimi tanıyır, ancaq Ankaraya qarşı bütün ittihamları rədd edir”, - erməni ekspert fikrini tamamlayıb.

    *****

    Amerikaşünas politoloq Suren Sərkisyan isə öz facebook səhifəsində yazır: “Tez-tez belə sual səslənir ki, Bayden ”erməni soyqırımı"nı tanıdıqdan sonra Türkiyə Ermənistana qarşı daha da aqressivləşəcəkmi? Düşünmürəm. Türkiyə səbəbsiz-filansız da aqressiv ola bilər. 44 günlük müharibə bir örnəkdir. Liviya, Suriya, İraq, Kipr və Yunanıstan nümunədir. Demək, Türkiyənin hansısa dövlətə təcavüzü üçün bəhanəyə ehtiyacı yoxdur. Onun öz hesablaması, öz maraqları və genişmiqyaslı müstəqilliyi var".

    Sərkisyan ardınca yenə sual edir: “Bəs Baydenin soyqırımı tanımasının Ermənistana nə dəxli var? Bayden öz vətəndaşlarına, Amerika ermənilərinə bir vəd vermişdi, seçildi və verdiyi vədə əməl etdi. O, Ermənistana söz verməyib. Odur ki, Türkiyə əgər bacarırsa, qoy ABŞ-a qarşı aqressiv olsun. Yeri gəlmişkən, diqqət yetirdinizsə, amerikalılar şoku idarə edə bildilər. Başqa sözlə, qərarın Türkiyəni şoka salmayacağından əmin oldular. Üstəlik, Bayden bir gün qabaq Ərdoğana zəng edərək öz qərarını dedi. Fikrimcə, buna görə Türkiyənin reaksiyası çox sərt olmadı. Eyni zamanda Ankara daxili auditoriya üçün hadisəni əhəmiyyətsiz eləmək və tanınma faktının qeyri-ciddi qəbul olunması üçün sərt reaksiya sərgiləmədi. Türkiyə hətta öz səfirini Vaşinqtondan indiyədək geri çağırmayıb - nəyə ki, adətən belə vəziyyətlərdə gedirlər”.

    Necə deyərlər, əlavə şərhə lüzum qalmır...(musavat.com)

    Rubrika.az


    Facebook-da paylaş