• “COVİD 19-dan ölüm sayına görə ölkəmiz ön sıralardadır, bunun səbəbi araşdırılmalıdır” - professor

    “COVİD 19-dan ölüm sayına görə ölkəmiz ön sıralardadır, bunun səbəbi araşdırılmalıdır” - professor

    Son günlər koronavirusla bağlı gündəm hər kəsi məyus edib. Xüsusilə də yaşlı insanların virus infeksiyasından ölməsi insanları təşvişə salıb. Yeri gəlmişkən, son statistikaya görə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 1 402 yeni yoluxma faktı qeydə alınıb, 2 238 nəfər müalicə olunaraq sağalıb.
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 316 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 285 024 nəfər müalicə olunaraq sağalıb, 4461 nəfər vəfat edib, aktiv xəstə sayı 27036 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 194, ötən müddət ərzində isə ümumilikdə 3 218 111 test aparılıb.

    Bu arada TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva COVİD-19-a yoluxmada kimlərin risk qrupuna aid olması barədə danışıb: “Yuxarı risk qrupuna səhiyyə işçiləri daxildir. Orta risk qrupuna ictimai nəqliyyatda işləyən insanlar daxildir. Aşağı risk qrupuna isə ofis şəraitində işləyən, insanlarla çox təmasda olmayan peşələrdə çalışanlar daxildir” - deyə TƏBİB rəsmisi qeyd edib...

    Hindistanda isə yeni peyda olan ştamm canlar almaqda davam edir. Ölkədə son sutkada yeni növ koronavirus infeksiyasına 360 960 yoluxma halı qeydə alınıb, burada indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 18 milyonu ötüb. Son 24 saat ərzində 3293 nəfər koronavirusdan vəfat edib və bununla da Hindistanda indiyədək infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 201 187 nəfərə çatıb.

    Azərbaycanda isə yoluxma sayı 2000-dən aşağı düşsə də, ölüm sayları narahatlıq doğurur. Son günlər yaşlıların bu infeksiyadan ölməsi virusun daha ağır gedişatlı olması ilə bağlıdırmı, yoxsa başqa səbəb də var? Vaksin olunanların ölməsi ilə bağlı xəbərlər də səngimək bilmir, vaksindən sonra ölüm halı nə zaman baş verə bilər? Vaksin olunanlar müayinə olunursa, sonradan niyə fəsadlar yaranır?

    Bəs görəsən, vaksin “fırıldağı”na görə həbslər, cəzalardan sonra bu sahədə irəliləyişə nail olunubmu?

    Adil Qeybulla: “Yeni ştamm ağır fəsadlar verir, digər tərəfdən, həbslər sübut edir ki, təşkilati işlərdə qüsurlar var”

    Bu və digər suallarla bağlı “Yeni Müsavat”a tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb: “Yaşlıların ölümünün səbəbi çox faktorlarla bağlıdır. Bu gün Hindistan ştammı da dünyanı lərzəyə salmağa başlayıb. Son bir gündə 3 min insan ölüb. İnsanları küçədə yandırırlar. Bizdə əslində təşkilati işlərdə də xeyli qüsurlar var. Həbsləri elə belə keçirmirlər ki?! İnsanlar özləri gec müraciət edirlər. Xəstəxanalara ümid və etibar aşağı düşüb. İkincisi, xəstəlik doğrudan da ağır keçir. Bu ştamm ağırlaşmaya meyillidir. Digər tərəfdən də təşkilati işlərdə qüsurlar var. Son həbslər də onu göstərdi. Bütün bunların hamısı ölüm hallarının çoxluğuna səbəb olub. Dünya üzrə ölüm hallarına görə bizim ölkə ön sıralardadır. Bu bizi daha çox narahat edir. Hələ bunun səbəbi araşdırılmalıdır».

    Professor vaksin olunanların ölməsi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Vaksin olunmaq hələ heç nə demək deyil. Vaksin olunanlarda ay yarım sonra immunitet formalaşır. İmmunitet də yüz faiz formalaşmır. İlk vaxtlarda vaksin aparılanda deyirdilər 80 faiz, indi isə məlum olub ki, bu 50 faiz üzərindədir. Ona görə də vaksin olanların da xəstələnməsi realdır.

    O ki qaldl cəzalanmalara, bunun vaksinasiya prosesinə dəxli yoxdur. Biz bu prosesləri izləyirik. Birmənalı münasibət bildirmək çətindir. Həbs olunan adamlar bu işin təşkilatçısı ola bilməzlər. Əgər bu işin təşkilatçıları kənarda qalırsa, iki gənc həkim həbs olunursa, bu, məsələnin həlli deyil".

    Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev isə bildirib ki, xroniki böyrək, dializ alan, eləcə də transplantasiya olunan xəstələr də vaksinasiya oluna bilər: “Xroniki böyrək xəstəlikləri, xüsusilə dializ müalicəsi alan və transplantasiya olunmuş xəstələr COVİD-19 risk qrupuna aiddir. Xəstəliyin vaxtında müalicə olunması üçün həkimə müraciət etməli, yanaşı olaraq şəkərli diabet və hipertoniya xəstəliyi varsa, onların dərman korreksiyasına nail olmalı, hər hansı simptom baş verərsə dərhal həkimə müraciət etməlidir. Həm kəskin, həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVİD-19 risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir.

    Böyrək xəstəlikləri olan xəstələrdə COVİD-19 infeksiyası baş verərsə, müalicə tədbirləri analoji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir. Həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlar vaksinasiya oluna bilər və tövsiyə olunur. Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır.

    Xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir".

    Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus əleyhinə 16 583 vaksin vurulub.

    Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9209 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 440 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 946 834, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 493 409 təşkil edir.

    Rubrika.Az


    Facebook-da paylaş