• Qərb bölgənin altına “bomba” qoyur: Bakı və Ankaraya qarşı yeni təhdid!? - NƏ BAŞ VERİR?

    Qərb bölgənin altına “bomba” qoyur: Bakı və Ankaraya qarşı yeni təhdid!? - NƏ BAŞ VERİR?

    Qərb, özəlliklə də ABŞ-la Fransa Türkiyə və Azərbaycana qarşı “erməni kartı”ndan imtina eləmək fikrində deyil. Amerika və Fransa rəsmilərinin son açıqlamalarından, “soyqırımı” tanıma qərarından bunu görmək olar. ABŞ dövlət katibi Entoni Blinkenin, ondan əvvəl isə saxta soyqırımın ildönümü ilə bağlı İrəvanda səfərdə olmuş Fransa Senatının sədri Jerar Larşenin erməniyönlü, təxribatçı açıqlamaları göstərir ki, 44 günlük müharibənin “oyundankənar vəziyyətə” saldığı bu iki aparıcı Qərb dövləti hətta sülh prosesini bombalamaq hesabına da olsa, bölgədə öz varlıqlarını təsbit eləməyə çalışır.

    Hədəfə çatmaq yolunda vasitə isə - ATƏT-in Minsk Qrupunu reanimasiya eləmək, ona “ikinci nəfəs” vermək sayılır. Hansı ki, revanş hissi ilə alışıb yanan İrəvanın da marağındadır. Çünki söhbət 27 sentyabra qədər mövcud olmuş köhnə status-kvonun bərpasından və Ermənistan üzərindən rüsvayçı kapitulayant yarlığını götürməkdən, beləliklə də təzədən sonuncunun “əl-qolunu” açıb Azərbaycan və Türkiyəyə qarşı qısqırtmaqdan gedir.

    *****

    Təsadüfi deyil ki, Qərbdəki havadarlarından ruhlanan Ermənistanda bir çoxu əlini-əlinə sürtərək, 10 noyabr kapitulyasiya sənədini adicə atəşkəs anlaşması, hətta kağız parçası kimi təqdim eləməyə başlayıb. Guya bu sənəd heç də konfliktin həlli demək deyilmiş, konfliktin həlli isə “öz müqəddəratını təyinetməyə” əsaslanan başqa bir anlaşma olmalıdır. Ayrı sözlə, Ermənistan sanki 44 günlük müharibədə darmadağın olmuş işğalçı ölkə kimi yox, Azərbaycanla bərabər səviyyədə özünü aparmağa cəhdlər edir.

    Halbuki 10 noyabr sazişi hüquqi sənəddir və orada Ermənistan Azərbaycana qarşı ərazi iddiası olan yeganə işğalçı tərəf kimi təsdiqlənib. Yəni İrəvan yazılı şəkildə etiraf edib ki, heç bir qondarma “artsax” və onun “özünümüdafiə ordusu”, öz müqəddəratını təyinetmə" davası olmayıb, Azərbaycana qarşı işğalçılıq müharibəsi olub və onu aparan və uduzan da Ermənistan olub. Bunun ardınca yenə köhnə bayatıları səsləndirmək, hansısa “3 həll prinsipi”ndən dəm vurmaq yalnız erməni siyasi həyasızlığının məhsulu ola bilər.

    Təbii ki, erməniləri bu cür yanlış havalara köklənməyə vadar edənlər - regionda daimi sülhün marağında olmayanlar, “erməni kartı” ilə bölgəyə qayıtmaq istəyən güclərin, Fransa və ABŞ-ın mövqeyi ilə bilavasitə bağlıdır. İlkin qənaət belədir ki, bu iki dövlət faktiki tarixin arxivinə verilmiş Minsk Qrupunun həmsədrləri olaraq, problemin birdəfəlik həllinə töhfə vermək üçün deyil, “qaşınmayan yerdən qan çıxarmaq”, regional sülhə əngəl olmaq üçün yararlanmaq niyyətindədir. Bunu Vaşinqton və Parisin “son patronları” da saymaq olar.

    Ermənilərin bunca ümidlənmələrinin qayəsində sözsüz ki, məhz bu amil dayanır - Paris və Vaşinqtonun İrəvana süni canıyananlığı. Bu isə təhlükəli gəlişmədir. Çünki bölgədə yeni müharibənin alovlanması ilə nəticələnə bilər. Hansı müharibə ki, bu dəfə artıq Ermənistanın tam darmadağını ilə bitəcək. Hərçənd sözdə Vaşinqton və Paris rəsmiləri 10 noyabr sənədinin imzalanmasını alqışlayırlar. Yəqin ona görə ki, növbəti müharibə ilə “erməni kartı”nın əllərindən tam çıxacağının fərqindədirlər.

    Daha bir səbəbə: 10 noyabr sənədinin sabotaj edilməsi həm də Rusiya və Türkiyəni bölgədən vurub çıxarmağa, Putinə qarşı yönəlib. Rusiya isə Ermənistanın yeganə varlıq qarantı olaraq qalır və çətin ki, Moskva “təzə bazara köhnə nırx qoymaq” istəyən ABŞ və Fransanın destruktiv mövqeyini axıradək bölüşsün...

    *****

    “Qarabağda müharibə başa çatsa da, hazırda başqa bir müharibə gedir - Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatındakı müddəaların mənaları və məzmunu uğrunda, onların interpretasiyası uğrunda. Çox amansız bir mübarizə gedir və onu da bütün dünyada nüfuzlu erməni diasporu aparır”.

    “Yeni Müsavat”ın məlumatına görə, bu fikri rusiyalı tanınmış analitik İqor Korotçenko Minval.az-a müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Ermənistanın özündə də bu razılaşmaya qarşı çıxan və onun bütün bəndlərinin həyata keçirilməsinin qarşısını almaq üçün hər cür təxribata hazır olan çoxlu radikal var: “ABŞ isə Cənubi Qafqazın altına, Qarabağ razılaşmasının altına başqa bir ”bomba" qoymaq istəyir. İndi ən vacib sual 5 ildən sonra üçtərəfli bəyanatın aqibətinin necə olacağı ilə bağlıdır. Bu sənəd tam həyata keçəcəkmi? Bunun uğrunda da informasiya, analitik meydanlarda müharibə gedir və bu müharibə keçən noyabrda bitmiş Qarabağ müharibəsindən heç də az önəmli deyil".

    Politoloqa görə, ABŞ Cənubi Qafqazdakı vəziyyətə təsir göstərməyə çalışır. “Ancaq indi bizim üçün mühüm olan həm də odur ki, Türkiyə yəqin ki, ABŞ-ın ondan ötrü etibarsız siyasi və hərbi tərəfdaş olması haqda siqnal alıb və bundan sonra Rusiya-Türkiyə münasibətlərinin necə qurulacağıdır. İndi həm Moskva, həm də Ankara üçün bir fürsət pəncərəsi açılır və bu, hər iki tərəfdən ötrü maraq kəsb edir. Türkiyə üçün bu, indiyədək həyata keçirdiyi geosiyasi və hərbi oriyentirlər məsələsində müəyyənləşmə anıdır. Rusiya və Türkiyə təmas nöqtələri axtarmalı və hərbi-texniki əməkdaşlıq məsələlərində hərəkət etməlidirlər”, - deyə o qeyd edib.

    Ermənistana Qərbdən verilən dəstəyə gəlincə, analitik deyib: “Biz Fransanın digər ölkələrin İrəvan mövqeyini dəstəkləməyə yönəlik səylərinin artdığını görürük. İnformasiya sahəsində aktiv qarşıdurma gedir. Azərbaycan buna necə reaksiya verəcək? Bura Dağlıq Qarabağ nizamlanması prosesinə fəal şəkildə cəlb olunmuş oyunçularla siyasəti qurmaq da daxildir”.

    O ki qaldı erməni tərəfinin “artsax”ın tanınması ilə bağlı xəyallarına, Korotçenko bunu istisna edir: “Azərbaycan ərazilərin əksəriyyətini qaytarıb. Erməni diasporu isə aqressiv şəkildə anklavı qorumaq və ona siyasi və hərbi özəllik təmin etmək ideyasını təbliğ edir. Bəli, beynəlxalq hüquq baxımından bütün Qarabağ Azərbaycan ərazisidir. Ancaq erməni diasporunun bu təcavüzkar fəaliyyətinin fərqinə varmamaq, onu gözardı etmək də olmaz. Mənalar uğrunda müharibə, siyasi müharibə qaynar fazadadır. Əlbəttə, Qarabağın heç bir siyasi tanınması olmayacaq”.

    Bununla belə, rusiyalı politoloq zənn edir ki, xaricdəki maraqlı güclər ən azı, Rusiya sülhməramlı missiyasının bitməsindən sonra da status-kvonun qalmasını istəyirlər. “Erməni diasporları indi bu amilin siyasi gündəmdə qalması üçün hər şeyi edir. Fransa yüksək rütbəli siyasilərinin 24 apreldə verdikləri açıqlamalar elə-belə idimi? Əlbəttə yox. Bu, mənalar uğrunda mübarizədir və davam edəcək. Ermənistan isə dayanmalı və Azərbaycanla tam hüquqlu bir sülhə getməlidir. Əfsus ki, dünyada çoxları var ki, Cənubi Qafqazda sülhdə maraqlı deyillər”, - ekspert sonda təəssüflə vurğulayıb.

    Böyük sülhün alternativi isə böyük müharibədir. İndinin özündə belə fəlakətli durumda olan Ermənistan doğrudanmı xaricdəki havadarlarına güvənərək, buna can atır?..(“Yeni Müsavat”)

    Rubrika.az


    Facebook-da paylaş