• Bakıya sülh yalvarışı əvəzinə müharibə ritorikası - Ermənistan öz “qəbri”ni qazır

    Bakıya sülh yalvarışı əvəzinə müharibə ritorikası - Ermənistan öz “qəbri”ni qazır

    Azərbaycanın əlindən Rusiyanın zorla aldığı məğlub ölkədə “Dəmir yumruq” unudulur? Rusiyalı politoloq: “Ermənistanın kəsici dişləri çıxarılıb, nə qədər ki, millətçilikdən imtina etməyib, orada rifah tapmayacaq...”

    Ermənistanda parlament seçkilərində hakim partiyanın qələbəsindən 1 aya yaxın ötsə də, rəsmi İrəvandan bu günədək sülhlə bağlı pozitiv siqnallar yoxdur. Tam əksinə, erməni cəmiyyətinin mühüm kəsimi müharibəyə deyil, sülhə səs versə də, baş nazir əvəzi Nikol Paşinyan və komandası erməni xalqına yalnız fəlakətlər gətirmiş köhnə kursa qayıdış əzmi nümayiş etdirir, Bakıya sülh üçün, barışıq üçün yalvarmaq əvəzinə, yenə barıt qoxulu davakar ritorika sərgiləyir.

    Dünən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərinin Ermənistan tərəfdən müxtəlif çaplı silahlardan atəşə tutulması və nəticədə bir hərbi qulluqçumuzun yaralanması bunun növbəti bariz sübutudur. Sözsüz ki, cavablarını yenə artıqlaması ilə alıblar. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, insident zamanı bir erməni hərbçisi öldürülüb...

    *****

    Azərbaycana qarşı əsassız ərazi iddialarının rəsmən davam etdirilməsi müharibə ritorikasının davam etdiyinin başqa bir təsdiqidir. Hansı iddialar səbəbindən ki, Ermənistan adlı qondarma dövlət 8 aydır dərin iqtisadi-siyasi, sosial-mənəvi böhran içində çabalayır. Sözçülükdə qınamayaq deyə, faktlara keçək.

    Ötən həftə Nikol Paşinyan Moskvadan qayıdar-qayıtmaz İrəvanda Xankəndi separatçılarının və quldurlarının başçısı Araik Arutyunyunla bir araya gəldi və görüşdə “artsaxın statusu bizim gündəmimizin ən əsas məsələsi olaraq qalır” dedi. Eyni zamanda o, artıq ölü olan ATƏT-in Minsk Qrupunun işinin canlanacağına ümid ifadə elədi.

    Araiklə görüşdən bir gün sonra isə Paşinyan ölkəmizə qarşı növbəti təxribata əl atdı: öz köməkçisini ölkəmizin suveren ərazisi olan Xankəndinə “4 günlük ezamiyyətə” göndərmək barədə qərar verdi. Daha öncə Azərbaycan və Türkiyə prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Şuşaya birgə və tarixi səfəri ilə bağlı Ermənistan XİN dünya diplomatiya praktikası tarixində misli görünməmiş həyasızlıqla etiraz bəyanatı yaymışdı. Sanki Ərdoğan Azərbaycana yox, “işğal altındakı erməni şəhəri Şusi”yə səfər edibmiş və Bakı da, Ankara da bu səfərlə bağlı İrəvandan icazə almalı imiş!

    Bu da növbəti əcaib fakt. İki aydır başçısız qalan (!) Ermənistan XİN srağagün bu qəbildən daha bir sırtıqlıq nümunəsi, rüsvayçılıq örnəyi ortaya qoyaraq, diplomatiya elminə, beynəlxalq hüquqa həqarət edib. Ötən həftə Bakıdakı xarici ölkə səfirlərinin Şuşaya səfərini “şiddətlə qınayıb”, bu azmış kimi, həmin ölkələrin İrəvandakı səfirlərini XİN-ə çağıraraq, onlara “etiraz notası” təqdim edib. Niyə, hansı beynəlxalq hüquqa əsasən? Bunu yalnız başdan xəstə erməni diplomatları (təkcə diplomatlarmı?) bilir. İndi həmin ölkələrin XİN-ləri də eləməyə tənbəllik, erməni səfirlərini çağırıb bu həyasızlığa görə Ermənistana nota verə...

    *****

    Təbii ki, belə səfeh, heç bir hüquqi məntiqə söykənməyən cəfəngiyyata Azərbaycan XİN-in cavabı gecikməyib. XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib: “Ermənistan XİN-in bu addımı bir daha onu göstərir ki, bu ölkə hələ də beynəlxalq hüquqa zidd olan və ərazi iddialarından çıxış edən mövqe sərgiləyir. Bir daha vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz. Bu ərazilərə səfərlər Ermənistanın hərbi işğalı altında olan zaman qanunsuz xarakter daşıyırdı. Artıq Şuşa azad olunub, digər azad olunan bölgələrimiz kimi Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaq, bir sözlə, mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq”.

    Leyla Abdullayeva haqlı olaraq onu da qeyd edib ki, Ermənistan XİN nota tərtib edərkən ən azından nəyə və nə əsasla etiraz etdiyini düşünməlidir: “Görünür, Ermənistan XİN-də rəhbərliyin olmaması bu qurumun tərtib etdiyi sənədlərə də öz təsirini göstərir. Ermənistan XİN-in artıq bölgədəki yeni vəziyyəti dərk etməsi gərəkdir. Keçmişdə olduğu kimi, beynəlxalq hüquqa zidd və destruktiv siyasətdən çıxış etmək Ermənistana yaxşı heç nə vəd etmir”.

    Daha sərt mövqe isə tanınmış rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenkodan gəlib. “Yeni Müsavat”ın məlumatına görə, Korotçenko özünün telegram kanalında yazıb: “Ermənistanın kəsici dişləri çıxarıldı, lakin Azərbaycana qarşı ərazi iddialarını davam etdirir. Perspektivsiz və dalan bir yol. Bəlkə də kobud çıxacaq, ancaq deyəcəyəm: qonşudan qapıb oğurladığını uzun müddət əlində saxlaya bilməzsən - səssizcə kənara sürüş get. Nə qədər ki, Ermənistanın daxili və xarici siyasəti millətçilikdən qurtulmayıb, orada rifah olmayacaq”.

    *****

    Əfsus ki, cəmi 8 ay öncə kapitulyasiya edən, Azərbaycanın əlindən Rusiyanın zorla aldığı Ermənistan hakimiyyət və cəmiyyət olaraq, bu dərkdən hələ çox uzaqdır. Əksinə, Bakıya sülh yalvarışı əvəzinə İrəvanın müharibə ritorikası davam edir. Bununla da Ermənistan faktiki öz “qəbri”ni qazır. Görünür, “Dəmir yumruğ”u bir də göstərməli olacağıq...(musavat.com)

    Rubrika.Az


    Facebook-da paylaş