• Rubrika.Az-ın Azərbaycan Memarlıq və İnşaat Universitetinə ünvanladığı sorğuya cavab

    Rubrika.Az-ın Azərbaycan Memarlıq və İnşaat Universitetinə ünvanladığı sorğuya cavab

    Rubrika.Az olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinə sorğu ünvanladıq. Sorğunu və sorğuya cavabı olduğu kimi dərc edirik:

    Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın tələbələrdən “iPhone” telefon tələb etdiyi xəbərləri yayılıb.
    Bildirilir ki, rektor onlayn təhsilə qoşularkən yalnız bu model telefondan istifadə etməlidirlər. Sözügedən mobil telefonlar isə çox bahalıdır. Tələbələrin heç də hamısı “iPhone” telefona sahiblənmək imkanında deyil.
    G.Məmmədovanın bu tələbi irəli sürməsinin məntiqi izahı verilməyib. Rektorun onlayn təhsil üçün bu model telefonların daha effektiv olduğunu söylədiyi iddia olunur.
    Eyni zamanda universitetdə çalışan yaşlı müəllimlərin tələbələri sıxışdırdığı söylənilir. Onların təzyiqləri üzləşən tələbələr narazılıe edirlər.
    Başqa bir xəbərdə isə deyilir ki, YAP-ın Yasamal təşkilatının sədri Tağı Əhmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışsa da, dərsə daxil olmur. Tələbələr onun pandemiya dövründə onlayn dərs zamanı üzünü görməyiblər. Ənənəvi tədris zamanı da auditoriyaya daxil olmayan Tağı Əhmədovun niyə dərslərə girməməsi sual doğurur. Rektorun onu universitetdəki işində indiyə qədər saxlaması maraqlıdır.
    Lakin Rubrika.Az bu informasiyaları dərc etməzdən əvvəl qarşı tərəfin cavab haqqını tanıyaraq sorğumuzu cavablandırmasını xahiş edir:

    1 Rektorun tələbələrdən “iPhone” telefonu tələb etməsi halları olubmu?
    2 Yaşlı müəllimlərin tələbələri incitməsi, sıxışdırması halları araşdırılıbmı?
    3 Tağı Əhmədov dərslərə daxil olurmu və tələbələrin iradları haqlıdırmı?

    SORĞUMUZA CAVAB;

    Hörmətli Nicat Mahmudov!
    Azərbaycan Memarlıq və İnşaat Universitetinə göndərdiyiniz sorğu ilə əlaqədar aşağıdakıları nəzərinizə çatdırırıq:
    1. Bildiyiniz kimi, ölkədə COVID-19 pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq bütün ali təhsil müəssisələrində tədris və imtahan prosesi onlayn qaydada təşkil olunub. ZOOM platforması vasitəsilə onlayn qaydada təşkil olunan imtahan sessiyasında obyektivliyin və şəffaflığın mümkün qədər təmin olunması, tələbələr tərəfindən kütləvi şəkildə köçürmə hallarının minimuma endirilməsi məqsədilə imtahan verən hər 10 tələbəyə 1 proktor-nəzarətçi təyin olunub və bu proktorlar imtahan zamanı nəzarətlə yanaşı, tələbələrə texniki dəstək göstərirlər. Nəzarəti təmin edə bilmək üçün proktor həm tələbəni, həm də onun istifadə etdiyi qurğunun ekranını görə bilməlidir. Bu məqsədlə universitetin İKT mərkəzi tərəfindən tələbələrin imtahanlara yalnız fərdi kompüter və ya noutbukla qoşulması təklif olunub. Lakin Universitetin rektoru, professor Gülçöhrə Məmmədova tərəfindən bütün tələbələrin bu imkana sahib olmadığı nəzərə alınaraq qaydalarla dəyişilik edilib, tələbələrə fərdi kompüter, noutbukla yanaşı, ekranı iki hissəyə bölmək funksiyası mövcud olan istənilən növ digər portativ qurğular vasitəsilə imtahanlara qoşulmağa icazə verilib. Hətta sorğuda qeyd olunanın əksinə, İOS əməliyyat sisteminə sahib qurğularda təhlükəsizlik protokollarının mürəkkəbliyi səbəbindən imtahan prosesi zamanı ikili ekran paylaşımı funksiyasının tətbiqində bəzən texniki problemlər yaşandığı üçün tələbələrə Android əməliyyat sisteminə sahib qurğulardan istifadə tövsiyyə olunub.

    2. Yaşlı müəllimlərin tələbələri incitməsi və sıxışdırması barədə fikirlər də tamamilə əsassızdır. Bütün ali təhsil müəssisələrində olduğu kimi, AzMİU-da da karantin rejimi və onlayn təhsilin təşkilində yaranan çətinliklər, regionlarda yaşayanların internet təminatı ilə bağlı problemlər, Vətən müharibəsi zamanı tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq tələbələr üçün maksimum güzəştlər tətbiq olunub. Semestr ərzində tədris prosesi zamanı, eləcə də imtahan sessiyaları zamanı attestasiya meyarları sadələşdirilib, imtahanlara düşən test və sualların həm məzmunu sadələşdirilib, həm də həcmi azaldılıb. Qeyd etdiyiniz məsələ ilə bağlı hər hansı müraciət olmayıb. Əgər hansısa tələbənin incidilməsi və ya sıxışdırılması ilə bağlı konkret fakt varsa, təqdim etdiyiniz halda araşdımağa hazır olduğumuzu bildiririk.
    3. Universitetimizin Nəqliyyat fakültəsinin kafedra müdiri Tağı Əhmədov barədə məsələyə gəldikdə isə, bilirsiniz ki, uzun müddət nəqliyyat sahəsində məhsuldar fəaliyyət göstərdiyi üçün Tağı müəllim bu sahə üzrə həm nəzəri, həm də praktiki biliklərə sahibdir. Son illərə qədər akademik dərs yükünə əsasən tədris apardığı bütün qruplarda T.Əhmədov özü şəxsən dərslərdə iştirak edib və mühazirələr aparıb. Özünüzün də qeyd etdiyiniz kimi, Tağı müəllim həm də ictimai-siyasi xadimdir. İşlərinin çoxluğu, vaxt məhdudluğu və eyni zamanda səhhətində mövcud olan bəzi problemlərə görə son 2 ildə ona müəllim kimi dərs yükü ayrılmadığı üçün universitetdə fəaliyyətini yalnız kafedra müdiri kimi davam etdirir.

    Hörmətlə,
    AzMİU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva


    Facebook-da paylaş