• "İnanıram ki, daha şanslı və ümidli qayıdacağıq" - Samir Abasov

    "İnanıram ki, daha şanslı və ümidli qayıdacağıq" - Samir Abasov

    Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sabah Yunanıstanda "Olimpiakos"un qonağı olacaq "Neftçi"nin baş məşqçisi Samir Abasovun bu gün oyun öncəsi mətbuat konfransı təşkil edilib.

    Qaynarinfo xəbər verir ki, mütəxəssis təcrübəli rəqibi ilə oyun haqda bunları söyləyib: "Artıq meydançaya girəndən rəqibin böyüklüyü, əzəməti görünür.

    Meydançaya ilk addımı atandan sabah hansı klubla oynayacağımız bəlli olur. Çox uzun-uzadı danışmaq istəmirəm. Onu vurğulayım ki, "Olimpiakos" mütəmadi olaraq bu turnirlərdə çıxış edir və alışıb. Keçən il "Arsenal"a qarşı keçirdiyi, o cümlədən digər oyunlarına baxanda klubun əzəməti görünür. Bizi çətin oyun gözləyir. Həddindən artıq təcrübəli və keyfiyyətli futbolçuları olan bir komandaya qarşı oynayacağıq. Bütün sadaladıqlarımın fonunda deyə bilərəm ki, biz də rahatıq. Çünki kimə qarşı oynayacağımızı, rəqibin heyətində hansı futbolçular olduğunu anlayırıq. İlk oyunumuzdan sonra həm fiziki, həm oyuna köklənmək baxımından özümüzə gəlməyə başlamışıq. Bu cür oyunlar tez formaya düşməyimizə kömək edir. "Neftçi" olaraq uzun müddətdir Çempionlar Liqasından uzaq qalmışıq. Yaxşı təcrübə toplayacağıq. Növbəti oyunlarda rəqiblərimiz güclü olacaqlar. Sabahı gözləyək. İki oyundan ibarət mərhələdir. Sabah oyunun təxminən hansı ssenaridə davam edəcəyi bizə də bəllidir, sizə də. Müəyyən ehtimalların üzərində dayanırıq. Sabah onların bizə qarşı hansı üslubda oynayacaqları çox önəmlidir. Bütün bunlara qarşılıq vermək üçün üçün psixoloji durumumuz yerində olmalıdır".


    - Düşünmək olarmı ki, "Neftçi" ikinci kimi daha yaxşı oynayır?


    - Ümumiyyətlə çempionat ərzində rəqiblərimiz də tam fərqli oynayır. Belə rəqiblərlə ildə bir dəfə qarşılaşırsansa, çempionat fərqli olur. Təkcə bizim istəyimizlə deyil, rəqib qarşımıza nə qoyacaq, necə oynayacaq bunlar hamısı önəmlidir. Oyunumuz bundan irəli gələcək, sabah görəcəyik. Ən azından buna psixoloji cəhətdən hazır olmalıyıq. "Dinamo" ilə oyunda boşluqlar verdik. Rəqib bundan istifadə etmədisə, o demək deyil ki, sabah da belə olacaq.


    - "Neftçi"də ən çox müzakirə olunan məsələlərdən biri transferlərdir. "Olimpiakos"la Bakıdakı matça qədər bu barədə yenilik gözlənilir?


    - Xeyr, açığı cavab görüşünə qədər hər hansı transfer gözlənilmir. Roman Bask və Hüqo ilə bağlı söhbətlər çoxdan var idi. Agentləri ilə mütəmadi söhbətlərdən sonra bu futbolçular alındı. Heç danışıq apardığımız futbolçular da yoxdu. Əminliklə deyə bilərəm ki, Bakıdakı oyuna qədər 90 faiz belə bir şey baş verməyəcək.


    - Yeni transferlərin hazırlıq səviyyələri necədir? Sabahkı oyuna hazırdırlarmı?


    - Roman digərinə baxanda daha hazırlıqlıdır. Çünki mütəmadi olaraq klubu ilə məşq keçib. Təlim-məşq toplanışlarında olub. Danışıqlarımız bitəndən sonra yalnız son 5 gün - 1 həftə müddətində məşqsiz qalıb. Göstəriciləri də yaxşıdır. Hüqo isə daha çox individual məşqlərlə kifayətlənib. Fiziki hazırlıq üzrə məşqçimizin proqramı əsasında fitness zalında çalışıb. Bu mənada "axsaması" məşqlərdə hiss olunur. Roman əsas heyətdə oynayacaq ya yox, ona baxacağıq. Hələ bir günümüz var.


    - Burada hamı deyir ki, "Neftçi" darmadağın olacaq. Necə düşünürsüz, komanda Bakıya daha şanslı qayıda biləcəkmi?


    - Açığı bu həddindən artıq realdır. Biz buna inanırıq. Sabahkı oyunda qazanacağımız nəticə önəmlidir. "Olimpiakos"un yoldaşlıq görüşlərini də izləmişik. Rəqibləri həddindən artıq yaxşı olub. Özü də demək olar bütün oyunçuları sınayıblar. Bu bizim üçün bir informasiyadır. Oyundu, hər şey ola bilər. Hər bir halda əl-qolumuzu sallamayacağıq. Biz bunu ümumiyyətlə ağlımızdan keçirmirik. İnanıram ki, daha şansı və ümidli qayıdacağıq.


    - Transferlərin azlığından şikayətlənirdiz. İki futbolçu alınandan sonra sanki rahatlamısınız. Bu sizi qane edirmi?


    - Xeyr, yeni transferlər olmasa olmaz. Olmalıdı, ehtiyacımız var. Düşünürəm ki, hücum xəttində güclənməliyik. Bu baxımdan əziyyət çəkirik. Hər iki komandanın yoldaşlıq oyunlarında oynatdığı futbolçuların sayına baxsanız, fərq bəlli olacaq. Transfer siyasətimiz davam edir, dayanmamışıq. Bəzi mövqelərə futbolçu axtarışındayıq. Yaxın zamanlarda bir neçə futbolçu transfer etməyi düşünürük.


    - "Olimpiakos"u tək təhlil etmisiz, yoxsa kimlərinsə, məsələn keçmiş komanda yoldaşlarınızın, məşqçilərinizin köməyinə ehtiyac olub?


    - Xeyr belə bir şey olmayıb. Təhlilimizi etmişik. Köməkçilərim var və bu mənim üçün həddindən artıq yetərlidir. Heç kimdən soruşmamışam, məsləhət də almamışam. Düşünürəm ki, bu mənim üçün artıqdır. Köməkçilər bu yöndə çox çalışırlar. Bacardığımızı edirik. Bu mənim üçün yetərlidir.

    Rubrika.Az


    Facebook-da paylaş