• Qarabağda ordumuzun lokal əməliyyatları qaçılmaza çevrilə bilər - Başqa yolu YOXDUR!

    Qarabağda ordumuzun lokal əməliyyatları qaçılmaza çevrilə bilər - Başqa yolu YOXDUR!

    Ermənistandakı son parlament seçkilərində seçicilərin əksəriyyəti (54, 6%-i) Nikol Paşinyanın partiyasına, daha dəqiqi, dinc və normal gələcəyə, sülhə səs verdi, nəinki müharibəyə. Erməni toplumu müharibə arzusunda olsaydı, hər halda, sabiq prezident, Xocalı hərbi canisi, daşnaklarla ittifaqda seçkilərə qatılmış Robert Köçəryanın “Hayastan” (“Ermənistan”) blokunu qalib edərdi.

    Demək ki, N. Paşinyan öz xalqının tələbi ilə ilk növbədə sülh və iqtisadi rifah uğrunda çalışmalıdır, nəinki daha bir müharibəni qaçılmaz edəcək köhnə avantürist kursa davam eləməlidir. Lakin seçkilərdən 40 günə yaxın zaman keçsə də, biz “sorosçu” rəhbərin Azərbaycanla böyük sülh sazişi istiqamətində real addımını hələ də görmürük. Hətta onun hazırkı kövrək sülhü təhdid edən destruktiv ritorikasına, bəzi xarici güclərin “dudkası” altında yeni, erməni xalqına yaxşı heç nə vəd eləməyən məkrli oyunlara girişməsinə şahidlik eləməkdəyik.

    Paşinyanın bu cür davranışı, Azərbaycana qarşı getdikcə radikallaşması, təxribatçı Qarabağ ritorikasından əl çəkməməsi, guya konfliktin bitmədiyi haqda görüntü yaratmağa çalışması, sərhəddəki insidentlər, əlbəttə ki, regional sülhü və sabitliyi də ciddi təhdid eləməkdədir.

    Kəsəsi, Ermənistan adlı psevdodövlət 44 günlük savaşda başı yaxşıca əziləndən sonra da Güney Qafqazda sabitlik, inteqrasiya və inkişafa əsas təhdid mənbəyi olaraq qalır. Sözsüz ki, burada öz cəmiyyətini radikal və barışmaz mövqedən qurtulmağa qoymayan erməni ekspert camiyəsinin “əməyi” də unudulmamalıdır...

    *****

    “Qarabağ məsələsinin həlli dərhal daxili problemlərlə birgə digər problemlərin həllini də Nikol Paşinyan üçün asanlaşdıracaq”.

    “Yeni Müsavat”ın məlumatına görə, bu fikri tanınmış erməni fəal və bloger, publisist İşxan Verdyan Vesti.az-a açıqlamasında Ermənistanda seçkidən sonrakı vəziyyəti və cəmiyyətin gözləntilərini şərh edərkən bildirib.

    Onun sözlərinə görə, cəmiyyət seçki kampaniyası zamanı Paşinyanın verdiyi vədlərin yerinə yetirilməsini gözləyir. “Cəmiyyət ondan öz vədinə sadiqlik, ardıcıllıq gözləyir, qanunların, nəhayət, ölkədə sərt gücü ilə işə düşməsini gözləyir. Əhali ölkədə insanların həqiqətən qanun qarşısında bərabər olmasını gözləyir - tutduğu vəzifədən, hesabındakı pulun məbləğindən asılı olmayaraq və əlbəttə ki, Ermənistan xalqı Qarabağ məsələsinin həllini gözləyir”, - deyə bloger qeyd edib.

    Verdyanın qənaətincə, “Qarabağ məsələsi”nin həlli dərhal Paşinyan üçün daxili problemlər daxil, digər problemlərin həllini asanlaşdıracaq. “Paşinyanın əsas vəzifəsi Qarabağdır, Azərbaycanla sülhdür. Bütün digər problemlər, bununla müqayisədə o qədər də əhəmiyyətli deyil, onları sürətli və keyfiyyətli həll eləmək olar”, - deyə o vurğulayıb.

    *****

    Məsələ də ondadır ki, rəsmi İrəvan “Qarabağ məsələsi”ndən əl çəkən kimi, yəni bu problemin artıq çözüldüyünü qəbul edən kimi, qonşu Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıyan kimi, onun bütün problemləri sürətlə həll olunmağa üz tutacaq. Bu mənada artıq tarixə dönmüş bir konfliktin həllindən danışmaq, üstəlik də tarixə dönmüş ATƏT-in Minsk Qrupunun hansısa prinsipləri əsasında “həllindən” dəm vurmaq - rasional yanaşma sayıla bilməz. Ortada yeni reallıq var və işğalçı ordusu müharibədə darmadağın olan Ermənistan, onun rəhbərliyi bununla barışmaq zorundadır.

    Əfsus ki, Paşinyan iqtidarı, onun özü və təzə təyin elədiyi xarici işlər naziri Armen Qriqoryan gələcəklə bağlı erməni xalqına yanlış siqnallar ötürürlər. Onlar hələ də keçmişlə əlləşərək, “cəhənnəmlik” olmuş status məsələsini hər addımda qaldırırlar. Qərblə, ABŞ və Fransa ilə hansısa pərdəarxası oyunlar hesabına “Bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar. “Status məsələsi həll olunmayınca, ”artsax xalqı"na öz müqəddəratını təytinetmə haqqı tanınmayınca Azərbaycanla sülh müqaviləsi imzalamayacağıq", - deyə heç vaxt reallaşmayacaq, barıt qoxulu bəyanatlar səsləndirir, radikal mövqe sərgiləyir, haqq eləmədikləri tələblərlə çıxış edirlər. Ölkəmizə qarşı ərazi iddiasını rəsmən irəli sürməyə davam edirlər. Buna heç bir hüquqi, tarixi, mənəvi haqları olmaya-olmaya.

    Təbii ki, belə “nə hərb, nə sülh” vəziyyətində, İrəvanın köhnə Qarabağ isterikası fonunda sülh anlaşmasından danışmağa dəymir. Ermənistanın böyük sülh müqaviləsi imzalamaq barədə Bakının təkliflərini indiyədək cavabsız qoymasının tək nədəni bu. İrəvanın bu pozucu mövqeyini son olaraq, Azərbaycan XİN başçısı Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviçlə srağagünkü görüşdə bir daha ortaya qoydu.

    Sitat: “Təəssüf ki, hələlik Ermənistan tərəfinin sülhlə bağlı təkliflərimizə cavab tədbirlərini müşahidə etmirik. Ermənistan üçtərəfli razılaşmanın bəndlərinin həyata keçirilməsinə əngəllər yaradır. İlk üçtərəfli razılaşmanın imzalanmasından artıq müəyyən vaxt ötüb. Bu razılaşmanın bəzi bəndləri yerinə yetirilib, bəzilərinin icrası davam edir, müəyyən çətinliklər var. Bu məsələdə Ermənistan tərəfinin mövqeyi üçtərəfli razılaşmanın bütövlükdə həyata keçirilməsinə, regiondakı vəziyyət üçün təhlükədir... Artıq dövlət sərhədləri var. Ermənistan bunu dərk etməlidir. Götürülmüş öhdəliklər var, imzalanmış sənədlər var. Ermənistan keçmiş prinsipləri ilə sülh prosesinə xələl gətirir. Bundan da ən çox elə Ermənistanın özü ziyan çəkəcək. Ümidvarıq ki, gec-tez qarşı tərəfdən real və konstruktiv addımlar görəcəyik”.

    *****

    Lakin belə görünür, xroniki “erməni xəstəliyi”ndən xilas ola bilməyən qarşı tərəfdən oturub ümidlə konstruktivlik gözələməyin faydası olmayacaq. Vətən müharibəsindən keçən zaman kəsiyi də göstərdi ki, bizim sülh təkliflərimizi onlar zəifliyimiz, hətta acizliyimiz kimi qəbul edirlər. Halbuki bu, qalib tərəfin məğluba bir ləyaqət jestidir. Demək, gərəkdir ki, biz də ritorikamızı sərtləşdirək və arada lokal, nöqtəvi hərbi əməliyyatlar keçirməklə Ermənistanın Azərbaycanla qeyd-şərtsiz sülh müqaviləsi imzalamaqdan savayı yolunun qalmadığını ona dönə-dönə “anladaq”...(“Yeni Müsavat”)


    Facebook-da paylaş