• Ev dustağı olan sabiq XİN rəsmilərinə hansı qadağalar var - hüquqşünas açıqladı

    Ev dustağı olan sabiq XİN rəsmilərinə hansı qadağalar var - hüquqşünas açıqladı

    Natiq Ələsgərov: “Ev dustaqlığına məhkum edilmiş şəxs öz evində qonaq qəbul edə, xeyir və şər məclislərində iştirak edə bilməz”

    Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə, nazirliyin konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İttihama görə, Fərhad Mollazadə Səlim Əlizadə və digərləri ilə əlbir olaraq müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Mənimsəmə tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib. Hazırda Fərhad Mollazadə və Səlim Əlizadə ev dustaqlığındadırlar. Məhkəməyə ev dustağı olaraq gedib-gəlirlər.

    Ev dustaqlarına necə nəzarət edilir? Başlarına bir iş gələrsə, kim cavabdeh olacaq? Bu şəxslər məhkəmənin gedişatında həbs edilə bilərlərmi?

    “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, şəxslərin ibtidai istintaq, məhkəmə istintaqı dövründə ev dustaqlığına buraxılması müsbət tendensiyadır: “Azərbaycanda illərdir ki, qətimkan tədbirlərindən məhz həbs seçilir. Son illər bu praktika nisbətən dəyişib. Ev dustaqlığı, girov müqabilində azadlıqda qalma kimi qətimkan tədbirlərinə də müraciət olunur. Fərhad Mollazadə və Səlim Əlizadənin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərkən çox güman ki, onların yaşları, sosial statusları və digər məsələlər əsas götürülüb. Cinayət Prosessual Məcəlləsində (CPM) ev dustaqlığına məhkum edilmiş şəxs üçün birbaşa məhdudiyyətlər nəzərdə tutulur.

    Fərhad Mollazadənin məhkəməsi başladı

    Məsələn, ev dustağı müəyyən şəxslərlə telefonla danışa bilməz, qadağa var. Belə şəxslərin ev və mobil telefonları daim nəzarətdə saxlanılır. Ev dustaqlığına məhkum edilmiş şəxs evdən kənara çıxa bilməz. Həmin şəxs tam nəzarət altında olmalıdır.

    Hüquqşünasın sözlərinə görə, müəyyən şahidlər var ki, onlarla əlaqə saxlamağa icazə verilmir. Həmçinin poçt göndərişlərinə və digər rabitə vasitələrindən istifadəyə qadağa qoyulur: “Ev dustaqlığına məhkum edilmiş şəxs öz evində qonaq qəbul edə, xeyir və şər məclislərində iştirak edə bilməz. Bu insanların yaşayış yerləri daim polis tərəfindən nəzarətdə olur. Ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Bundan başqa, ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti əsasında həbs-qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər".

    Bakupost.az - DTX Səfurə Əlizadənin atasını da həbs etdi - XİN əməliyyatı

    Hüquqşünas deyir ki, CPM-in 163-cü maddəsinin 3-cü bəndində ev dustaqlığını ayrı-ayrılıqda tətbiq olunan və ya mümkün məcmusu qaydasında aşağıdakı tədbirlər müşayiət edə bilər:

    163.3.1. yaşayış yerindən tamamilə və ya müəyyən vaxtlarda çıxmağa qadağan qoyulması;

    163.3.2. telefon danışıqlarına, poçt göndərişlərinə və digər rabitə vasitələrindən istifadəyə qadağan qoyulması;

    163.3.3. müəyyən şəxslərlə ünsiyyətdə olmağa və evində hər hansı şəxsi qəbul etməyə qadağan qoyulması;

    163.3.4. elektron nəzarət vasitələrinin tətbiqi, bu vasitələri gəzdirmək və onların işinə xidmət etmək vəzifəsinin qoyulması; 163.3.5. nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək, təhqiqat orqanına və ya təqsirləndirilən şəxsin davranışına nəzarət edən digər orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək vəzifəsinin qoyulması;

    163.3.6. təqsirləndirilən şəxsin və ya onun yaşayış yerinin müşahidə altına alınması, habelə evinin, mənzilinin və ya yaşayış üçün ona ayrılmış digər yerin polis tərəfindən mühafizə edilməsi;

    163.3.7. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən natamam təcrid olunmasını təmin edən digər tədbirlər görülməsi.

    163.4. Ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir.

    163.5. Məhkəmə təqsirləndirilən şəxsin həbsdən azad edilməsi məsələsini həll edərkən ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.

    Ev dustaqlığı qəti imkan tədbirinin seçilməsi və ya bundan imtina edilməsi barədə məhkəmənin qərarından apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin qərarla razı olmadıqda:

    163.5.1. ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəmənin qərarı yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən təsdiq olunduqdan sonra qanuni qüvvəyə minir;

    163.5.2. bu qərarın qanuniliyi və əsaslılığı məsələsinə apelyasiya instansiyası məhkəməsində baxılanadək birinci instansiya məhkəməsinin həbs qətimkan tədbiri kimi seçdiyi qərar ev dustaqlığı məsələsi həll edilənədək qüvvədə saxlanılır.

    163.6. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə bu Məcəllənin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən xitam verilə bilər.

    Qeyd edək ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər İdarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

    Rubrika.Az


    Facebook-da paylaş