• Ermənistan-Azərbaycan sülh sazişi - Aİ sənəddə imzasının olmasını istəyir

    Ermənistan-Azərbaycan sülh sazişi - Aİ sənəddə imzasının olmasını istəyir

    Elşən Mustafayev: “Bu mərhələdə Avropa İttifaqının danışıqlar prosesinə qoşulması problemin uzanmasına gətirib”
    Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar regiona səfərə gəlir. Bu barədə Toivo Klaar özünün “Twitter” hesabında bildirib. “Avropa İttifaqı çiçəklənən və barış içindəki Cənubi Qafqaz üçün tərəfdaşları ilə birgə çalışır”, - diplomat qeyd edib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

    Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.

    Söhbət zamanı bu ilin iyul ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərinə toxunularaq səfər zamanı Prezident İlham Əliyevlə Şarl Mişel arasında keçirilən görüşün Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

    Görüşdə Avropa İttifaqının regionda sabitliyin və sülhün möhkəmləndirilməsi, etimad mühitinin formalaşdırılması işinə töhfə verməyə hazır olduğu vurğulanıb.

    Söhbət zamanı həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn Zirvə toplantısı barədə fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, Aİ-nin xüsusi nümayəndəsi sonuncu dəfə sentyabr ayının ortalarında regiona səfər etmişdi.

    Məlumdur ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan danışıqlarında fəal rol almaq istəyirdi. Prezident İlham Əliyev Azərbaycandakı daimi nümayəndə ilə görüşündə bu məsələyə razılıq verdi və “yaşıl işıq” yandırdı. Həm də qeyd etdi ki, dürüst vasitəçi olmalarına güvənirik.

    Bəs Avropa İttifaqının danışıqlara qoşulması prosesə necə təsir edər? Aİ-nin Ermənistana təsir imkanları hansı səviyyədədir? Qurum ədalətli vasitəçi ola bilərmi? Rusiyanın Avropa İttifaqının fəal vasitəçiliyinə reaksiyası necə ola bilər? Sülh danışıqları prosesi yekun sənədin imzalanması ilə yekunlaşarsa, Avropa İttifaqının imzası niyə mühümdür, Bakı bunun reallaşmasını istəyir?

    Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bunları düşünür: “Problemli regionlarda maraqları olan dövlətlər həmişə danışıqlar prosesində üzdə olmağa çalışırlar. Eyni vəziyyət hazırda Cənubi Qafqazda mövcud olan konfliktlərə yanaşmada özünü göstərir. Bunu anlayışla qəbul etmək olardı. Amma son 28 ildə problemin həlli ilə bağlı vasitəçilik missiyasını üzərinə alan Minsk Qrupunun fəaliyyətinə baxsaq, hazırkı məqamda yenidən eyni ssenarini bərpa etməyi ziyanlı hesab edirəm. Avropa İttifaqı nümayəndəsinin Cənubi Qafqazla bağlı söylədiyi fikirlərlə əlaqədar demək istəyirəm ki, Gürcüstanda olan vəziyyətlə bizimki arasında fərq olduğundan problemlərin həllinə də yanaşma fərqli olmalıdır. Belə ki, Gürcüstan Abxaziya və Cənubi Osetiya problemi ilə bağlı separatçı rejimlərin rəhbərləri ilə hər hansı danışıq aparmır və aparmayacaq da. Bu qərarında doğru olaraq iradəsini ortaya qoyub. O zaman kənar vasitəçilər vasitəsilə məsələni həll etmək yol kimi qalır. Bu məsələdə Rusiya separatçıların maraqlarını müdafiə edən kimi hər hansı müsbət işlərə imza ata bilməz. O səbəbdən Gürcüstan problemin həlli üçün beynəlxalq gücləri, o cümlədən Avropa İttifaqını masaya dəvət edə bilər və mənim fikrimcə, etməlidir. Digər tərəfdən, Gürcüstan və Ermənistan Avropa İttifaqı ilə assosiativ saziş imzalasalar da həqiqi münasibətlərə və sazişin bəndlərinin daha geniş sahələri əhatə etməsinə görə Gürcüstan Ermənistandan fərqli olaraq Avropa İttifaqı ilə daha sıx münasibətlərdədir”.

    Ekspert onu da bildirdi ki, Dağlıq Qarabağla bağlı məsələ tam fərqlidir: “Azərbaycan da Qarabağdakı separatçılarla bir masaya oturmayacağını ilk günlərdən bəyan edib və bunun əksini heç vaxt etməyəcək. Amma problemin mərkəzində duran və faktiki idarə edən Ermənistanla Azərbaycan danışıqlar stoluna həmişə oturub və bundan sonra da oturmalıdır. Amma bu dəfə fərqli formatda danışıqlara gedilməlidir. Düşünürəm ki, Azərbaycan hazırkı vəziyyətdə bütün beynəlxalq vasitəçilərdən, o cümlədən Rusiyanın da iştirakından imtina etməklə Ermənistanla birbaşa danışıqları aparmalıdır. Təbii ki, bu görüşlərin təşkili üçün neytral bir ölkə və bir lider ortada olmalıdır. Məsələn, bu gün üçün belə bir dövlətin Gürcüstan olması daha əlverişlidir. Amma onun işi yalnız texniki dəstəyi göstərməkdən ibarət olmalıdır. Bu görüşlər həm ekspertlər, həm nazirlər, həm də dövlət və hökumət başçıları səviyyəsində olmalıdır. İnanıram ki, bu format baş tutarsa, gec-tez sülh müqaviləsinə gətirib çıxaracaq. Məhz o zaman sülh müqaviləsinə beynəlxalq zəmanət olaraq Avropa İttifaqı ABŞ və s. imza atmaları ilə bağlı işlər gedə bilər. Bu mərhələdə Avropa İttifaqının danışıqlar prosesinə qoşulması problemin uzanmasına gətirib çıxaracaq. Bu arada ittifaq ölkələri içində və kənarda Ermənistana xüsusi rəğbəti olan ölkələrin tutacağı mövqeni də xüsusi olaraq nəzərə almaq lazımdır. İndiyədək dünyanın müxtəlif yerlərində baş verən konfliktlərdə yaşananları analiz etsək görərik ki, həmin konfliktlərə sülh missiyası ilə qoşulan müxtəlif qütblərdə duran dövlətlər olur və həmin konfliktlərin həlli həmişə dalana dirənib. Çünki vasitəçi dövlətlər çox zaman öz marağının təmin olunması şərti ilə problemin həllinə çalışır və bu olmadıqda problemin uzanması üçün əlindən gələni edir. Konflikti yaşayan dövlətlərin isə bu ölkələrin hamısının maraqlarını təmin etmək imkanları olmur, eyni zamanda milli maraqları buna imkan vermir. O səbəbdən əgər bizim birbaşa vasitəçilərsiz danışmaq və həllə doğru irəliləmək imkanlarımız varsa, mütləq bu variantdan istifadə etməliyik. Eyni addımı Ermənistan da atmalıdır. Son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan ayrı-ayrılıqda təxminən bu istiqamətdə açıqlamalar da veriblər. Təbii ki, bu gedişatı pozmaq istəyənlər, provokasiyalar vasitəsilə münasibətləri gərgin saxlamağa çalışanlar da olacaq. Amma hər şey problemdən əziyyət çəkən iki dövlətdən asılıdır. Onların iradəsi ortada olarsa və kənardan olan müdaxilələrə, təzyiqlərə davam gətirilərsə, sülh müqaviləsi danışıqlarını Avropa İttifaqısız , Rusiyasız, ABŞ-sız və digər dövlətlərsiz başlayıb daha tez yekunlaşdırmaq olar”.

    Rubrika.Az


    Facebook-da paylaş