• Bakının “Yol xəritəsi”, İrəvanın son şansı - Paşinyanın 2 həftə vaxtı qalıb

    Bakının “Yol xəritəsi”, İrəvanın son şansı - Paşinyanın 2 həftə vaxtı qalıb

    2-ci Qarabağ müharibəsində möhtəşəm hərbi qələbə qazansaq da, informasiya-diplomatiya meydanlarında savaşımız davam edir. Bu da təbiidir. Çünki ordumuzun zəfərini yüz faiz “siyasi kapital”a çevirib maddiləşdirmək vəzifəsi var çiynimizdə. Bu isə zamanla yanaşı, səbir və zərgər dəqiqliyi tələb edən işdir.

    Söz düşmüşkən, ölkəmizin Fransadakı səfirliyi məlumat yayıb ki, Fransanın İzer departamantinin əvvəl işğal altında olmuş Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzaladığı daha bir qanunsuz sənəd ləğv edilib. Belə ki, Qrenobl şəhər məhkəməsi 2019-cu il sentyabrın 20-də separatçı rejimin həmin departamentə səfəri zamanı imzalanmış saxta “İzer departamenti ilə Hadrut rayonu arasında dostluq xartiyası”nı ləğv edib. Azərbaycan tərəfinin bu aktın qanunsuzluğu barədə iddiaları iki dəfə - 2020-ci ilin fevralında və noyabrında qaldırılmışdı.

    Səfirliyin məlumatında qeyd edilir ki, 1,2 milyon əhalisi olan İzer departamenti Overn-Ron-Alp regionunun 13 departamentindən biri və ən böyüyüdür: “Bu regionun payına yerli idarəetmə orqanlarının qanunsuz işğalçı rejim rəhbərliyi ilə imzalanmış akt və sazişlərin böyük əksəriyyəti (28 sənəddən 15-i) düşür. Bu, artıq Fransa məhkəmələri tərəfindən ləğv edilmiş 11-ci qanunsuz sənəddir. Daha 2 iddiaya məhkəmələrdə baxılır. Əvvəllər işğal olunmuş Qarabağın separatçı rejiminə dəstək olaraq qəbul edilmiş sənəd və qərarların ləğvi ilə bağlı işlər davam etdirilir”.

    *****

    Yaxşı və ürəkaçan xəbərdir. Eyni zamanda “bəlkə də qaytardılar” ümidi ilə yaşayan erməni radikal separatçı-revanşist ünsürlərinin olan-qalan ümidlərini puç edən yenilikdir. Bu qəbildən gəlişmələr o anlama gəlir ki, artıq Ermənistanın Qərbdəki əsas havadarı sayılan Fransa da beynəlxalq hüquqa sayğılı olmaq və Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə bölgədə yaratdığı status-kvonu qəbullanmaq zorundadır.

    Belə görünür, prezident Emmanuel Makronun payıza nəzərdə tutulan Ermənistan səfərinin ertələnməsinin arxasında da eyni motiv dayanır. Yəni Fransa dövləti regionun vazkeçilməz və açar ölkəsi kimi Azərbaycanla münasibətlərini iqtisadi tərəqqisi tamamən Bakıdan asılı olan Ermənistanın xətrinə korlamaq istəmir. Qarşıdurma kursunun həm özünün, həm də “kiçik bacı” Ermənistanın ziyanına olacağını anlayır. Elə isə məntiqli olardı ki, rəsmi Paris İrəvanla Bakı arasında sülh müqaviləsinin tezləşməsi üçün Ermənistan rəhbərliyinə təsir eləsin, nəinki ona Qarabağla bağlı heç vaxt həyata keçməyəcək vədlər versin...

    *****

    Yeri gəlmişkən, 2-ci Qarabağa savaşından acınacaqlı darmadağınla çıxan Ermənistan Azərbaycanla böyük sülh sazişinin imzalanmasını süni şəkildə uzatdıqca ən əvvəl öz vəziyyətini daha da ağırlaşdırmaqdadır. Bu da isti faktlar.

    Məsələn, erməni mediasının yazdığına görə, son aylar ölkədə inflyasiya təhdidedici miqyas alıb. Əsas ərzaq məhsulları, o cümlədən çörək, şəkər, yumurta, yağlar əhəmiyyətli dərəcədə bahalaşıb. Məlum olub ki, yemin bahalaşması ilə bağlı heyvandarlıq sahəsində də əsl böhran yetişir. Bu da öz növbəsində heyvandarlıq məhsullarının (ət, süd və s.) növbəti bahalaşma dalğası deməkdir.

    Aydındır ki, əsas səbəb pandemiya ilə əlaqədar dünya iqtisadiyyatlında yaranan problemlər deyil. Səbəblərin səbəbi, yəni baş amil əlbəttə ki, Ermənistan rəhbərliyinin ölkəni qapalı, blokada durumundan çıxarmaq üçün hələ də gərəkən addımlar atmaması və ya bundan çəkinməsidir.

    Nəticə etibarilə Ermənistanda həyat nəinki sürətlə bahalaşır, eyni zamanda ölkədən kütləvi köç güclənir. Özü də gedənlər əsasən əmək qabiliyyətli əhalidir və bir qayda olaraq, xaricə həmişəlik emiqrasiya edir...

    *****

    Bu arada Rusiyada Ermənistandan olan muzdlu işçilərin rəsmi sayı açıqlanıb - 202 min nəfər.

    “Yeni Müsavat” erməni KİV-ə istinadən xəbər verir ki, bunu Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi İya Malkina ilin birinci yarısına aid məlumatlara istinadən keçirdiyi brifinqdə söyləyib.

    Onun sözlərinə görə, iyunun sonunda Rusiyada ümumilikdə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin 738 min vətəndaşı çalışıb. Onların 385 mini Qırğızıstandan, 202 mini Ermənistandan, 81 mini Belarusdan, 70 mini isə Qazaxıstandandır. Bu, 2019-cu illə müqayisədə 40% çoxdur. Malkina xatırladıb ki, bu respublikalardan gələn qeyri-qanuni mühacirlərə sentyabrın 30-dək rəsmi qeydiyyatdan keçmək imkanı yaradılıb. Başqa sözlə, ilin 2-ci yarımili üçün rəqəmin konkret olaraq Ermənistan üçün daha böyük olacağı gözlənilir.

    Razılaşaq ki, cırtdan bir ölkə üçün böyük göstəricidir. Əlavə edək ki, hələ 2-ci Qarabağ müharibəsinədək Rusiyada yaşayan ermənilərin sayı Ermənistan əhalisindən çox idi, o ki ola müharibədən sonra.

    Beləcə, tam iqtisadi çöküşün bircə addımlığında olan və dərin demoqrafik böhran yaşayan Ermənistan öz simvolik dövlətçiliyini də itirmək üzrədir. Yeganə çıxış yolu əlbəttə ki, Bakı və Ankaranın bir ildir təklif elədiyi, 10 noyabr kapitulyasiya sənədinin məzmunundan və məntiqindən doğan “Yol xəritəsi”ni qəbul eləməkdir.

    Bu, son “xəritə”dir. Odur ki, İrəvan rəsmilərinin düşünüb qərar vermək üçün zamanları çox qalmayıb. Uzağı, iki həftə. Artıq anons edildiyi kimi, noyabrın ilk dekadasında, müharibənin bitməsinin 1-ci ildönümünə Moskvanın (Putinin) vasitəçiliyi ilə yeni sülh sənədinin imzalanması nəzərdə tutulur.

    Bu, erməni xalqının siyasi-iqtisadi bataqlıqdan və mənəvi-demoqrafik tənəzzüldən çıxmaq üçün axırıncı şansı olacaq. Azərbaycan Qarabağı sürətlə dirçəldir, Ermənistanı da sürətlə dirçəldə bilər, əgər bədxah qonşular və onların siyasiləri, nəhayət, ağıllarını başlarına yığıb yeni status-kvonu qeyd-şərtsiz qəbul eləsələr və reallığın tələbinə çevrilən sülh müqaviləsinə əngəl olmasalar...(“Yeni Müsavat”)

    Rubrika.Az


    Facebook-da paylaş