• Şəhidlərimizin xatirinə başınızı dik tutun!

    Şəhidlərimizin xatirinə başınızı dik tutun!

    Orxan Tağıyev yazır...

    Sevincdən yazmaq, xoş gününü insanlarla bölüşmək çox asandır. Oğulsan kədər ürəyinə hakim kəsilib, ruhunun dərinliklərinə qədər matəmə məhkum olduğun həmin məqamı bölüş, ifadə elə...

    Düşünürsən ki, bəlkə bir son gəlib çata, bu yaşananlara, çəkdiyin ağrı-acılara yekun qoyacaq, həsrətlə yolunu gözlədiyin bir son ... Ancaq sona gedən yolun bu qədər ağrılı olmasını da qəbul edə bilmirsən.

    Sən haqq yolundasan, haqqın, hüququn, varlığın uğrunda, sənin olanı, sənin dəyərini, mənliyini, kimliyini müdafiə edirsən. Yumruq kimi birləşib uğur da qazanırsan, illər sonra ayaq izlərinə həsrət qalan torpaqlara dəyir ayağın, həsrətində olan bulaqların suyu coşub-çağlayır, dağların əzəməti qarşında baş əyir, Vətənin hər qarışı, hər bir zərrəsi səni salamlayır. Həmin an keçdiyin bütün əziyyətlərin, itirdiyin hər kəsin, məhrum olduğun hər şeyin əvəzini alırsan. Ruhunu xoş bir sevinc bürüyür, Vətən adlı anlayışın hər şeydən üstün olduğunu dərk edirsən.

    Ancaq bəzən qəbul edə bilmirsən. Niyələr, nə üçünlər varlığına qənim kəsilir. Bu günki kimi...

    Yeddi oğul, yeddi igid, Vətənin keşiyində qürurla dayanan yeddi cəngavər bu gün bütün bir xalqı kədərə boğdu. Düşmənin mənfur əlləri yeddi hərbçimizin həyatına son qoydu. İndi hər birimiz iş başında, evimizin bir küncündə, küçədə gəzərkən, yolu keçərkən, harasa tələsərkən, öyünərkən, sevinərkən belə onları düşünürük. Nə zaman son qoyulacaq bu vəhşətə, bu qədər əvəz ödədiyimiz bəs deyilmi? Bu bəlanı bizə rəva bilən tarix nə zaman öz bəlasını tapacaq?

    Dünyanın ən qəribə hissini yaşayırıq, canımızdan can qopur, evlərimizə, ocaqlarımıza şəhid xəbəri gəlir, güləndə belə şəhidimizi düşünüb bir anlıq dayanır, onların hüzurunda gülməyi belə özümüzə rəva bilmirik. Bir-birimizə deməsək də, hiss etdirməsək də, başımızı iş-güclə qatmağa çalışsaq da, ürəyimizin hər döyüntüsü bizlərə şəhidlərimizi xatırladır, bəlkə də heç vaxt üz-üzə gəlmədiyimiz, tanımadığımız insanların kədəri bütün mənliyimizi əsirinə çevirir.

    Çünki şəhidlik bizim üçün ən ali məqam, əlçatmaz bir zirvədir. Şəhid hər birimizin, mənim, sənin bizim şəhidimizdir. Tökülən qan sənin, mənim bizim damarımızda axan qandır. Övladının nəşi önündə ananın qopan fəryadı da bizim hər birimizindir...

    Bəs necə dözək buna, necə tab gətirək bu misilsiz kədərə, dəhşətli iztibarlara?

    Tək çarəmiz var, təsəllimiz Vətən sağ olsun...

    O Vətən ki, uğrunda bir ölüb, min dirilməyə and içmişik, o Vətən ki, tökülən cümlə qanlarımız fədadır demişik. Bu müthiş ağrıya, bu iztiraba dözməyin tək yolu, Vətənə sığınmaq, bir olmaq, davamızın haqq uğrunda olduğunu dərk edə bilməkdir.

    Hər ölüm, hər şəhadət bizdə sağalmaz izlər buraxır. Heç zaman geri gəlməyəcək gülüşləri, sevincləri, həyatları xatirəyə çevirir. Ancaq düşünəndə ki, onların gülüşləri, sevincləri, arzuları biz öz xəyallarımıza qovuşaq deyə xatirəyə çevrilir, yaşamağa məcbur olursan. Yaşamağa və yaratmağa, şəhidlərin uğrunda canlarını fəda etdikləri müqəddəs amallara sahib çıxmağa, onları gözbəbəyi kimi qorumağa, onların məhrum olduqlarından yeni bir gələcək qurmağa məcbur olursan.

    Biz bu ağrını yaşamağa və həyatı qaldığı yerdən yaşamağa məcburuq. Müharibə, qan tökülməsi bizim seçimimiz deyil. Biz sadəcə dünyadan ədalət istəyir və bu ədalət uğrunda bütün bir xalq kimi mübarizə aparırıq. Verdiyimiz şəhidlər, tökülən qanlarımız bizi yandırır, bizə ən ağır iztirabları yaşadır, ancaq yolumuzdan çevirə bilmir.

    Biz – Böyük Azərbaycan xalqının fərdləri bilirik ki, haqq davamızda qələbə bizimlədir. Mənfur düşmən bizi nə qədər kədərə düçar etsə də, bu davanın sonunda məhvə məhkumdur. Biz bir öləcək, min diriləcək, ancaq haqq davamızdan vaz keçməyəcəyik. Bəzən ən yaxınlarımıza, bəzən heç tanımadığımız birinə sarılıb bu ağrını da yaşayacağıq. Bəzən sadəcə Vətən torpağının bircə qarışında öz təsəllimizi tapacaq, bəzən şəhidlər xiyabanında qəhrəmanlarımızla dərdləşib sakitlik tapacağıq. Ancaq dözəcəyik! Başqa yolumuz yoxdur. Düşmən nə qədər bizi incitmək istəsə də, biz mərdliklə onun qarşısında dayanacağıq.

    Biz xalq olaraq bu kədərə də birləşib sinə gərməyi bacaracağıq!

    Necə bacaracağıq? Bir olmaqla, onları qəlbimizdə əbədi yaşadıb xatirələrinə sahib çıxmaqla...

    Bəlkə şəhid anasının qəlbindəki yara heç zaman sağalmayacaq, bəlkə o ananın fəryadı qulağımızdan heç zaman getməyəcək, bəlkə onların həyatdolu baxışları, gülüşləri geri qayıtmayacaq, ancaq biz onlara sahib çıxaraq bütün düşmənlərə dərs verəcəyik.

    Bu ağrıya sadəcə onların müqəddəs davasına sahib çıxaraq, uğrunda canından keçdikləri Vətənin hər qarışında onların xatirəsini yaşadaraq tab gətirəcəyik. Bu ağrıya şəhidlik zirvəsinə ucalanların səmadan bizi izlədiyini bilərək və onlara layiq yaşayaraq dözəcəyik. Onların sevdiyi Vətənə xəyanət etmədən, onun uğrunda mübarizə apararaq ruhlarını əbədiyyətə qədər şad edəcəyik.

    Başını dik tut Azərbaycan xalqı... Sən öz şəhidinin xatirinə yaşaya biləcək, onların əmanətinə sahib çıxacaq qədər ucasan!

    Rubrika.Az


    Facebook-da paylaş