Konstitusiya islahatları: Ermənistan Türkiyənin şərtlərini yerinə yetirəcək? - İNCƏLƏMƏ...
“Ermənistan konstitusiyasından ermənilərin “soyqırımı” ilə bağlı ifadə çıxarılacaq, ölkənin gerbi və himni dəyişdiriləcək”.
Bu barədə Respublika Partiyasının spikeri Eduard Şarmazanov öz “Facebook” səhifəsində yazıb.
“Rejim konstitusiya “islahatları” elan edib. Bəs türklərlə bayraqsız danışıq aparan kapitulyantların “konstitusiya islahatları”nda məqsəd nədir?
Çoxları idarəetmə sisteminin dəyişdirilməsində israr edəcək. Amma indiki rejimin əsas məqsədi bu deyil. Belə bir fikir var ki, islahatların məqsədi Üçüncü Cümhuriyyətin “səhifəsini” bağlamaq və dördüncü “Cümhuriyyət”in “yeni” dövrünü elan etməkdir.
Bunun baş verməsi üçün isə Ermənistanın dövlət-milli maraqlarına xidmət edən “erməni soyqırımı”nın tanınması və pislənməsi ifadəsini çıxarmaq lazımdır”, – Şarmazanov yazır.
Partiya üzvü dövlət gerbindən Ağrı dağının da çıxarılacağını istisna etməyib.
Maraqlıdır, yaxın zamanda Ermənistanda həqiqətən sözügedən islahatların həyata keçirilməsi mümkündür? RUBRIKA.AZ-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri deyib ki, belə iddialar Paşinyan hökumətinə qarşı seçilən xüsusi niyyətlərdən xəbər verir:
“Revanşist qüvvələr hər bir vəclə Nikol Paşinyan iqtidarına bütün istiqamətlərdən hücum edirlər. Onların məqsədi Paşinyanı ictimai nüfuzdan salmaq, insanları etirazlara təşviq etmək və hakimiyyəti dəyişdirməkdir.
Həmçinin, dezinformasiyaların da olduğunu nəzərə almaq lazımdır. Yəni, bu məsələnin kökündə sadəcə xalqa doğru informasiya çatdırmaq deyil, ictimai rəyi çaşdırmaqla hökuməti xalqın gözündən salmaq dayanır.
Ümumiyyətlə, belə məsələlər gələcək perspektivdə nəzərdə tutula bilər. Artıq Ermənistan və Türkiyə arasında ilkin şərt olmadan diplomatik danışıqlar gedir. Lakin diplomatik münasibətlərin qurulması üçün mütləq mənada Ermənistanın Türkiyə qarşı ərazi iddialarından əl çəkməsinə ehtiyac var. Əks təqdirdə, bu məsələ uzun müddət davam edə bilməz”.
Politoloq qeyd edib ki, bütün bu proseslər Ermənistandakı ictimai-siyasi vəziyyətdən və hökumətin mövqelərini möhkəmləndirməkdən asılı olacaq:
“Hazırda Ermənistanda yeni konstitusiyasının hazırlanması ilə bağlı prosesə rəvac verilib. Gələcəkdə Ermənistanın yenidən prezident üsul-idarə sisteminə keçə biləcəyinə dair bəzi məlumatlar mövcuddur.
Hətta bu yöndə konkret hazırlıqlar da aparılır. Əlbəttə ki, konstitusiyanın dəyişilməsi referendum yolu ilə həyata keçiriləcək. Yəqin ki, rəsmi Ankaranın da bununla bağlı müəyyən təklifləri olacaq. Düşünürəm ki, bununla da Ermənistan həm “soyqırım”, həm də Türkiyəyə ərazi iddialarından vaz keçə bilər. Bunlar gələcəkdə gözlənilir, amma yaxın zamanda olacağını düşünmək qeyri-realdır.
Çünki Nikol Paşinyan özünün sosial-siyasi dayaqlarını daha dərin qatlara nüfuz etdirməyənə və müxalifəti həm ideoloji, həm də siyasi cəhətdən zərərsizləşdirməyənə qədər bu məsələlər yekunlaşmayacaq”.
Rubrika.az
Facebook-da paylaş