• İlham Əliyev: "Korrupsiyaya qarşı daha ciddi mübarizə aparılmalıdır!"-YENİLƏNİR

    İlham Əliyev: "Korrupsiyaya qarşı daha ciddi mübarizə aparılmalıdır!"-YENİLƏNİR


    "Dərman preparatlarının bazarının tənzimlənməsi işində çox ciddi dönüşə nail olduq. Sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin 2-3 dəfə aşağı salınması təmin edilib".

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışında deyib.

    Prezident qeyd edib ki, idarəetmə sahəsində islahatlar dərinləşməlidir: "Korrupsiya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım fərman əsasında “ASAN xidmət”ə yeni funksiyalar verilib. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir. Nə qədər qanunsuz tələblər irəli sürülür, nə qədər insanları incidirlər. İndi hər şey asan olacaq – “ASAN xidmət”də".

    İlham Əliyev bildirib ki, nəqliyyat sektorunda da ciddi pozuntular var: "İnsanları incidirlər. Onların qarşısına əsassız tələblər qoyulur. Bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir".

    **************

    Dövlət başçısı bildirib ki, Azərbaycanın mövqeyi bütün məsələlərlə bağlı ədalətlidir: “Ədalətli mövqeyi müdafiə edərək belə işlərlə barışa bilmirik. Bu gün dünya xəritəsində dəyişikliklər baş verir və istisna edilmir ki, gələcəkdə də bu dəyişikliklər davam etsin. Azərbaycana gəlincə, bütün bu mənfi mənzərə fonunda ölkə iqtisadiyyatı inkişaf edir, sabitlik möhkəmlənir, beynəlxalq mövqelərimiz daha da güclənir. Azərbaycanla əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli və böyük hörmətə malik üzvüdür. Ölkədə proseslər müsbət istiqamətdə gedir, xalq siyasətimizi dəstəkləyir. Hətta böhranlı illərdə də iqtisadiyyatımız uğurla inkişaf edir”.

    Prezident İlham Əliyev bildirib ki, Yaxın Şərqdə baş verən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı: “2011-ci ildə və 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaşanmasından söhbət açırdı. Deyirdilər ki, bu, qaçılmazdır. Azərbaycanda vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üzərini açıb. Azərbaycanda "Maydan hərəkatı" yaratmaq, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyon dollarlarla vəsait aşkarlanıb ki, qanunsuz yollarla yerli “Beşinci kalon” vasitəsi ilə QHT adı altında Azərbaycana gətirilsin və vəziyyət gərginləşsin, burada da bəzi dairələrin xidmətində olan insanları hakimiyyətə gətirsinlər ”.

    Dövlət başçısı qeyd edib ki, 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha ciddi forma alıb: “Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunurdu. Mən bunu açıq deyirəm və başqa cür də qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi. Çünki Azərbaycan bu gün dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlətdir. Biz kimə mane oluruq? Heç kimə! Bizim bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Biz bütün ölkələrlə bərabər hüquqlu münasibətlər qurmuşuq. Kimə mane oluruq? Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər yerdə morionetka görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər. Ancaq iş burasındadır ki, Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox! Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə “yox” dedi. Azərbaycan xalqı Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir. Xalqla iqtidar arasında birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər, biz heç kimin qabağında gözü kölgəli deyilik, öz sözümüzü deyirik, deyəcəyik, Azərbaycanın müstəqil həyatını təmin edəcəyik. Məhz bu siyasətin nəticəsində ölkəmizi böyük bəlalardan qoruya bilirik”.

    ***************

    Dövlət başçısı bildirib ki, Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir: “Biz ölkəmizi bu bəlalardan qorumuşuq, bizə uzanan çirkli əlləri kəsmişik. Bundan sonra da ölkəmizi qoruyacağıq, inamlı inkişafımızı təmin edəcəyik”.

    Prezident İlham Əliyev bildirib ki, ötən müddət ərzində neftin qiyməti kəskin aşağı düşüb: “Yəqin ki, mütəxəssislər, təhlilçilər bunun səbəbini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, neftin qiymətinin kəskin düşməsi siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik. Bu günə qədər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru ilə bağlı atılan addımlar bizə kömək etdi ki, vəziyyətdən minimum itkilərlə çıxaq. Baxmayaraq ki, təbii olaraq, gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır. Neftin qiyməti 2 dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələr icra edilir, insanların təhlükəsizliyi və sosial müdafiəsi təmin edilir”.

    *******************

    Dövlət başçısı bildirib ki, bu ilin ötən müddəti ərzində Ümumi Daxili Məhsul təxminən 6 faiz, qeyri-neft iqtisadiyyatı isə 9 faizdən çox artıb, inflyasiya çox aşağı səviyyədədir, kənd təsərrüfatı məhsullarının istehsalı 7,3 faiz, qeyri-neft sənayesi 14 faiz artıb: “Bu, böhranlı illərdə əldə edilən nailiyyətdir. Dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir. Çünki ilk növbədə bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, bu, düşünülmüş iqtisadi siyasət və uzun illər aparılan islahatlarla bağlıdır. Bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir”.

    Prezident xatırladıb ki, bu il “Fitch” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib: “Azərbaycanın 3B səviyyəsində reytinqi var və bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir. Bu, mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilmişdi. Halbuki çox böyük hadisədir. İndi başqa ölkələrin də kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür, Azərbaycanda isə sabitdir. Nə üçün? Əvvəllər bədxahlar, paxıllar bizim uğurlarımızı neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasilatı var, ona görə də inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür, neftin də qiyməti iki dəfədən çox düşüb, amma biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır. Anti-Azərbaycan, islamofob qüvvələr, müstəqilliyimizlə barışmaq istəməyənlər həmişə çalışırlar ki, bizim işimizə kölgə salsınlar. Avropa Oyunları ərəfəsində, Avropa Oyunları zamanı və indi, bu gün də bizə qarşı çirkin kampaniya davam edir. Nə üçün? Çünki biz ölkəmizi qoruyuruq, imkan vermirik ki, “beşinci kolon”, milli satqınlar, xainlər burada meydan oxusunlar. İmkan verməyəcəyik də! Bugünkü iqtisadi və siyasi mənzərə bundan ibarətdir”.

    Rublika.az


    Facebook-da paylaş