• "Yanacağın yenidən bahalaşması gündəmə gələcək"

    "Yanacağın yenidən bahalaşması gündəmə gələcək"


    Ekspertlər Azərbaycanda iqtisadi aktivliyin artırılması üçün yanacağın qiymətinin aşağı salınmasını vacib sayırlar. Onların fikrincə, bu addım fevral devalvasiyası nəticəsində hazırda müşahidə edilən kütləvi bahalaşmanın qarşısını müəyyən qədər ala bilər.

    İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, Tarif Şurası benzinin qiymətinə yenidən baxmalıdır: "Məlumdur ki, Azərbaycanda benzinin qiyməti bazar tərəfindən deyil, dövlət tərəfindən tənzimlənir. İndi belə bir vəziyyətdə benzinin qiymətinin ucuzlaşması yenidən gündəmə gəlib. Ən azı qonşu ölkələrin hamısında bu proses gedir. Nəzərə almaq lazımdır ki, benzinin bahalaşması qiymətlərin artımına gətirib çıxarır. Çünki burada daşınma xərclərindən tutmuş, ictimai nəqliyyat xidmətlərinə qədər yanacaq tariflərinin üzərində oturur. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalında dizel yanacağından istifadə edilir".

    İqtisadçı düşünür ki, yanacağın qiymətlərinə yenidən baxılaraq, onun ucuzlaşdırılması istiqamətində addımlar atılarsa, ölkədə inflyasiya təzyiqi azala bilər: "Fevral ayındakı devalvasiyadan sonra ölkədə sürətli qiymət artımı gedir. Hələ ki, bahalaşmanın qarşısını inzibati yollarla almağa çalışırlar. Amma inzibati metodlar qısa müddətli effekt verir, uzun müddətli olmur. Ona görə də bahalaşma prosesi davam edəcək. Bu, hələ birinci devalvasiyanın təsiridir. İkinci devalvasiyadan sonra nələrin baş verə biləcəyindən danışmıram. Düşünürəm ki, bu prosesin yavaşıldılması üçün yanacağın qiymətinin aşağı endirilməsinə ehtiyac var. Hökumət buna təkcə SOCAR-ın "qazancı" konteksindən yanaşmalı deyil.

    Doğrudur, SOCAR-ın istehsal etdiyi benzinin satışının böyük bir hissəsi ölkə daxilində reallaşır. Bu baxımdan dünya bazarında neftin ucuzlaşmasında Dövlət Neft Şirkətinin təsirləri bir o qədər deyil. Məsələyə yalnız sözügedən şirkətin qazancı istiqamətində yanaşmaq düzgün deyil. Benzinin ucuzlaşması iqtisadiyyatda aktivliyi artıracaq, eyni zamanda bahalaşmanın qarşısını alacaq".
    S.Əliyevin sözlərinə görə, benzinin ucuzlaşması SOCAR-a müəyyən qədər neqativ təsirlər göstərə bilər: "Amma bu, vergi daxilolmalarına mənfi təsir göstərə bilməz. Çünki benzinin maya dəyərində şirkətdaxili qiymətdən əlavə, aksiz və ƏDV oturur. Ancaq 2013-cü ildəki qiymət artımının vergi daxilolmalarına heç bir təsiri olmadı. Yəni əlavə dəyər vergisi sabit qaldı, aksiz isə azaldıldı. Bu baxımdan düşünmürəm ki, benzinin ucuzlaşması vergi daxilolmalarına mənfi təsir göstərsin. Əksinə, iqtisadi aktivliyi yaratmaqla ümumi vergi yığımlarında artıma nail olmaq olar. Bu gün ölkənin qarşısında iki əsaslı məsələ var. Birincisi, yüksək inflyasiya təzyiqidir. Hələ ki, Mərkəzi Bank pul dövriyyəsini azaltmaqla inflyasiyanı çətinliklə cilovlayır.

    İkincisi, iqtisadi aktivliyin çökməsidir. Bunun da başlıca səbəbi təkcə neftin ucuzlaşması deyil, eyni zamanda pul kütləsinin azalmasıdır.

    Bu neqativ təsirlərin azaldılmasının yollarından biri də məhz yanacağın qiymətini ucuzlaşdırma və bununla idxal inflyasiyasının qarşısını almaqdır".

    "Neftin ucuzlaşması fonunda büdcə gəlirlərinin azalmasının qarşısını almaq üçün aksiz vergilərinin yenidən artırılmayacağına təminat yoxdur. Hökumətdə büdcəni doldurmaq üçün vergi daxilolmalarının artırılması niyyəti açıq hiss olunur. Belə olacaqsa, yəni aksiz vergiləri artırılacaqsa, yanacağın yenidən bahalaşması gündəmə gələcək. Bu dəfə qazanc SOCAR-a yox, dövlət büdcəsinə çatacaq. Bahalaşmanın zərərini isə əhali görəcək", -deyə iqtisadçı qeyd etdi.


    Facebook-da paylaş