• Azərbaycanın nəqliyyat sektoru niyə çökür?

    Azərbaycanın nəqliyyat sektoru niyə çökür?


    Sentyabrın 8-də Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib.

    Ölkə başçısı müşavirədə çıxışı zamanı bir sıra məsələlərə toxunub, yol verilən nöqsanlarla bağlı sərt fikirlər səsləndirib.

    İlham Əliyevin müşavirədə xüsusi qeyd etdiyi sahələrdən biri də nəqliyyat sektorudur.

    Prezident bu sahəbə nöqsanların olduğunu diqqətə çatdırıb: “Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti əlbəttə ki, böyük işlər gözləyir. Hökumət yeni situasiyada işləyəcəkdir”.



    Dövlət başçısının məlum müşavirədən bir neçə gün öncə imzaladığı fərman nəqliyyat sahəsində insanların üzləşdiyi problemlərinin köklü həllinə hesablanmışdı.

    Prezidentin imzaladığı fərmana əsasən artıq taksi fəaliyəti üçün lisenziya və fərqlənmə nişanı Nəqliyyat Nazirliyindən alınaraq şəffaf fəaliyyəti ilə seçilən “ASAN xidmət”ə verilib.

    Ölkə başçısının bu addımı atmasında əsas məqsəd insanların üzləşdiyi süründürməçilik, əlaqə ödəniş tələbetmə kimi neqativ halların aradan qaldırılması ilə bağlı idi.

    Mətbuatdan da izlədiyimiz kimi, Nəqliyyat Nazirliyinin tabeliyində olan zaman bu sahədə çox ciddi problemlər mövcud idi.

    Nəqliyyat müfəttişləri ilə taksi sürücüləri arasında baş verən davalar, sürücülərə qarşı qanunpozuntuları, şikayətlər zaman-zaman mətbuatda işıqlandırılır, problem ictimailəşdirilirdi. Amma kəskin tənqidlərə baxmayaraq, insanların şikayəti, nəqliyyat “qoçuları”nın özbaşnalığı ara vermirdi.
    Bu baxımdan ölkə başçısının qərarı sürücülər tərəfindən alqışla qarşılandı...

    Nəqliyyat sahəsində hansı problemlər qalır?



    Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı açıqlamasında bildirib ki, ölkənin nəqliyyat sahəsində kifayət qədər həllini gözləyən problemlər var.
    Onun sözlərinə görə, Nəqliyyat Nazirliyinin və nəqliyyat infrastrukturunun ölkəmiz üçün mühüm əhəmiyyətini nəzərə alsaq neqativ halların aradan qaldırılması vacibdir.

    Ekspertin fikrincə, sentyabrın 8-də keçirilən müşavirə zamanı prezident nəqliyyat sahəsində insanların üzləşdiyi problemləri qabartmaqla, aidiyyatı qurumlara xəbərdarlıq etmiş oldu.

    “Kiçik sahibkarlıq üçün nəqliyyat məsələsi taleyüklü məsələdir. Eləcə də sərnişin və yükdaşımaları özü kiçik sahibkarlıq sayılır. Bu sahədə iri sahibkarlar çox azdır. Onlara münbit şərait yaradılmalıdır. Lisenziya məsələsi, vergilərin ödənməsi və digər məsələlər sadələşdirilməlidir.

    Ümumiyyətlə ölkənin nəqliyyat infrastrukturu əlverişli, hər kəs üçün əlçatan olmalıdır. Bütün yük və sərnişindaşıma nəqliyyat sahəsinin üzərinə düşür. İnsanın səhər evindən sakit, əsəbsiz çıxıb işə getməsini, axşam da sakit, əsəbsiz evinə qayıtmasını, aldığı yükün vaxtında çatdırılması kimi məsələr çox böyük əhəmiyyət daşıyır”.

    Ekspert qeyd edib ki, bundan başqa ən ciddi məsələ yol infrastrukturu ilə bağlıdır: “Müşahidələr göstərir ki, hamı 15 sentyabra hazırlaşdığından şəhərdə böyük tıxaclar başlayacaq. Səbəb odur ki, Bakı şəhərinin yol infrastrukturu normal, standarta, şəhər əhalisinin tələbatına uyğun deyil. Bu sahədə də işlər görülməlidir. Şəhərin küçələrinin, yollarının təmiri, yenidən qurulması sürətlə öz həllini tapmalıdır. Bakı şəhərində yollarla bağlı xeyli qanunsuz zəbtolunma var. Onlar hamısı azad olunmalıdır. Bu nəqliyyat infrastrukturunda ən böyük problemdir. Bu sahədə də işlər görülməlidir”.



    Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib ki, ölkə başçısı müşavirədə çıxışı zamanı nəqliyyatla bağlı “ASAN Xidmət” təcrübəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

    Deputat qeyd edib ki, bütün bunlar hamısı xidmətin daha da çevik təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi, insanların rahatlığına şəraitin artırılması ilə bağlıdır.

    “Ümumiyyətlə tək nəqliyyatda deyil, bütövlükdə xidmət sahəsində “ASAN Xidmət”in gördüyü işlər daha da genişlənir. Bu elektron hökumətin qurulması istiqamətində yeni bir addımdır. Əsas məqsəd vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılmasıdır. Belə ki, taksi fəaliyyəti üçün xüsusi razılıq (lisenziya), eləcə də, taksi avtomobillərinə “Fərqlənmə nişanı”nın verilməsinin elektron xidmətə verilməsi vətəndaş məmur ünsiyyətini aradan qaldırır, qeyri-qanuni əməllərin baş verməsinin qarşısını alır. Əlbəttdəki bu da alqışlanası addımdır”.

    Rublika.az


    Facebook-da paylaş