• Baba Rzayevin qardaşlıq JESTİ

    Baba Rzayevin qardaşlıq JESTİ

    "Azərişıq" ASC-nin rəhbərliyi yarımstansiya və digər obyektlərin tikintisində külli miqdarda dövlət vəsaitlərinin ixtisara salınmasından doğrudanmı xəbərsizdir?

    "Azərenerji"nin səlahiyyətlərinin bir hissəsi "Azərişıq" ASC-yə verildikdən sonra ölkənin elektrik enerjisi istehlakçıları ümid edirdi ki, yeni qurum öz fəaliyyətində prezidentimizin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə çalışacaq, Etibar Pirverdiyevdən qalma problemlərin çözülməsində aktivlik nümayiş etdirəcək. Dövlət başçısının məlum sərəncamından sonra təşkilatlanmış "Azərişıq"da çox çəkmədi ki, yeni strukturlar yaradıldı. Ölkənin sahibkarlıq subyektləri və məişət abunəçiləri elektrik enerjisi ilə təchizat məsələlərində yeniliklər gözləyirdilər. Lakin Baba Rzayevin rəhbərlik etdiyi qurum öz sələfindən demək olar ki, heç nə ilə fərqlənmədi. Elə bu günün özündə elektrik enerjisi istehlakçılarının qarşısında elə süni maneələr yaradılır ki, həmin maneələri dəf etmək üçün gərək əvəzi nəyləsə qarşılansın. Sahibkarlıq subyektləri bundan daha çox əziyyət çəkirlər. "Azərişıq" ASC-nin bəzi əməkdaşları enerji borcuna görə sahibkarları sıxma-boğmaya salaraq onlardan xeyli məbləğ istəməsi ilə bağlı faktlarla tez-tez rastlaşmaq olar. Qəribədir ki, Baba Rzayevin adamları rayon, qəsəbə və kənd ərazilərində elektrik xətlərinin yenilənməsi adı altında da sahibkarlardan yersiz təmənnalarda bulunurlar.(gundelik-baku)Bəzən elektrik təchizatı üçün zəruri texniki şərtin əldə edilməsinə fantastik qarşılıq tələb edildiyi deyilir. Halbuki, qaydalara əsasən, bütün enerji- təchizat işləri məhz "Azərişıq" tərəfindən görülməlidir. Buna görə qurumun büdcəsinə xeyli dövlət vəsaiti də keçirilir. Əgər belədirsə, bəs sahibkarları incitmək nəyə lazımdır? Sahibkarlıq subyektlərinə qarşı belə münasibət qəbuledilməzdir və bu sahədə yüksək dövlət rəhbərliyinin siyasətinə qarşı çıxmaq kimi qiymətləndirilməlidir. Ola bilsin ki, "Azərişıq" ASC Bakı şəhəri ərazisində öz fəaliyyətini normal qura bilib. Lakin paytaxtımızın ətraf kənd və qəsəbələrində, eləcə də regionlarda vəziyyət demək olar ki, heç dəyişməyib. Regional ETSİ-lərdə yenə sayğac "mübadiləsi" gedir. Lakin bu qazanma üsulunun təşkilatçıları əksər hallarda sıravi nəzarətçilərdir. Elə isə, bəs nəyə görə düzgün işləməyən nəzarətçilərə qarşı sərt tədbirlər görülmür? Belə çıxır ki, sayğac söhbətində kmlərinsə maraqları var. Bəzi məlumatlara görə, sayğaclar 300-350 manat civarında abunəçilərə satılır. Bununla bağlı əlimizdə faktlar da var. Lakin, bunlar "Azərişıq"da yer alan yeyinti və başqa kölgədə qalan işlərin müqabilində demək olar ki, heç nədir. Məlumdur ki, "Azərişıq" ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yeni yarımstansiyaların inşası, yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi və müasir tipli avadanlıqla təchiz edilməsi işlərini aparır. Sözün həqiqi mənasında bu inqilabi yenilik hesab olunan tədbirin həyata keçirilməsində də ciddi nöqsanlar az deyil. Xüsusən, tikilməkdə olan yarımstansiyaların tikintisində çalışanların peşəkarlığına və ixtisas uyğunluğuna fikir verilmir. Sözügedən tikintilərdə çalışanların böyük əksəriyyəti ilə müvafiq əmək müqaviləsi bağlanmayıb. Burada qeyri-qanuni işlərdə çalışanları isə gündəlik muzdla yola verirlər. Bu cür mənzərə Baba Rzayevin tikintisini həyata keçirdiyi obyektlərin mütləq əksəriyyətində hökm sürür. Nəticədə isə, fəhlənin ixtisara düşən məvacibi başqalarının işinə yarayır. Diqqət yetirilsə, "Azərişıq"da yarımstansiya və digər obyektlərin tikintisində zəncirvari qanunsuzluq aşkar etmək mümkündür. Başqa sözlə desək, söhbət külli miqdarda dövlət vəsaitlərinin ixtisara salınmasından gedir. Lakin, bu da əhvalatın sonu deyil. Tikintilərdə istifadə olunan materialların və avadanlıqların əldə edilməsində də qiymət şişirdilmələri var. Görünür, bu yolla xeyli miqdarda dövlət vəsaiti ayrı-ayrı şəxslərin işinə yarayır. Bu əməliyyatlarda Baba Rzayevin iştirakı ilə bağlı məlumatımız olmasa da, müəyyən bilgilərə əsaslanaraq fikir yürütmək mümkündür. Sirr deyil ki, Baba Rzayev "Azərişıq" ASC-nin əsas işlərini qardaşı Emin Rzayevə həvalə edib. Emin Rzayev həm də "Santral Elektrik" şirkətinin fəaliyyətini tənzimləyir. Baba Rzayevin qardaşı yarımstansiyaların tikintisi və avadanlıqlarla təchizatında söz sahibidir. Bunu "Azərişıq"da bilməyən yoxdur. Əvvəllər "Bakıelektrikşəbəkə"nin, indi isə "Azərişıq"ın demək olar ki, bütün əsas layihələrinə "dobro" vermiş bu adamın əvəzində nəyə ümid elədiyini anlamaq yəqin ki, çətin deyil. Sonda bir məsələni də "Azərişıq" rəhbərliyinin diqqətinə çatdırmaq istərdik. Qurumun rəsmi bes.az saytının əlaqə bölməsində vətəndaşların elektron müraciətləri üçün xüsusi link ayılıb. Lakin bölmədəki müraciət linkini tıkladıqda saytın bu bölümünün təhlükəsizlik sertifikatının etibarsız olduğu avtomatik üzə çıxır. Ölkəmizin elektrik enerjisi ilə təchizatında aparıcı rola malik "Azərişıq" ASC-nin əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərməkdirsə, bəs belə iddialı qurumun istehlakçılarla fərli-başlı operativ elektron əlaqə imkanları niyə son dərəcə məhdud və primitivdir?

    rublika.az


    Facebook-da paylaş