• Mərkəzi Bankdan kredit açıqlaması

    Mərkəzi Bankdan kredit açıqlaması

    Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları sentyabr ayında 271,2 milyon dollar azalaraq 7 milyard 44,2 milyon dollara düşüb. Bu, 3,71 faiz azalma deməkdir.

    Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 7 milyard 998,2 milyon dollar və ya 53,17 faiz azalma deməkdir.

    AMB-nin valyuta ehtiyatlarındakı azalmaya baxmayaraq, bankın açıqladığı son məlumatlarda problemli kreditlərin məbləğində artım müşahidə edilib.

    Bildirilib ki, sentyabr ayı ərzində vaxtı keçmiş kreditlərin ümumi məbləği təxminən 1 milyard 354 milyon manat olub. Bunun 911 milyon manatı milli valyuta - manatla, təxminən 443 milyon manatı isə xarici valyutada olan kreditlərdir.

    Eyni zamanda problemli kreditlərin 2015-ci ilin ayları üzrə müqayisəsini apardıqda rəqəmin artdığı da aydın görünür.

    AMB-nin məlumatına görə, 2015-ci ilin 9 ayı ərzində vaxtı keçmiş kreditlərin məbləğində yalnız bir dəfə - iyul ayında azalma müşahidə edilib. Qalan bütün 8 ayda gecikdirilən kreditlərin məbləği artıb.(ans)

    Yerli bankların birində kredit mütəxəssisi kimi fəaliyyət göstərən Cavid Kərimovun sözlərinə görə, problemli kreditlərin artması makroiqtisadi göstəricilərə dayanır.

    "Neftin qiymətinin yüksək olduğu vaxtda ölkəyə güclü valyuta axını var idi. Həmin dövrdə bizim qızıl ehtiyatımız artır, manat möhkəmlənir, inflyasiya səviyyəsi aşağı düşürdü, müəyyən vaxtdan bir əməkhaqları artırılırdı. Ölkədə maliyyə problemləri olmurdu. Həmin dövrdə həm hüquqi, həm fiziki şəxslər kreditlər götürmüşdülər", - deyən Cavid Qurbanov neftin qiyməti aşağı düşəndə vəziyyətin dəyişdiyini bildirib.

    Neftin qiymətinin aşağı düşməsi həm müəssisələrin fəaliyyətinə, həm də insanların yaşayışına təsir etdi. Gəlir, mənfəət azaldığı üçün müəssisələr müəyyən layihələri dayandırdı, bəzi xərcləri azaltdı, eyni zamanda müxtəlif şirkətlərdə işçilər içərisində ixtisar aparılmağa başladı. Təbii ki, bütün bunlar ödəmə qabiliyyətinin də zəifləməsinə, beləliklə, problemli kreditlərin artmasına səbəb oldu.

    Mütəxəssisin sözlərinə görə belə olan halda heç bir tərəfin zərər görməyəcəyi çıxış yolu tapmaq lazımdır. "Bank sistemi elə qurulub ki, verilən pul geri qaytarılmalıdır. Lakin fiziki və hüquqi şəxslərin ödəmə qabiliyyəti zəiflədiyindən bu iş çətinləşir. Bu səbəbdən həm bankların, həm də borcunu ödəməkdə çətinlik çəkən müştəriləri nəzərə alaraq müxtəlif tədbirlər görmək lazımdır".

    Ümumiyyətlə həm Qərb dövlətlərində, həm də Qonşu Rusiyada banklarda problemli kreditlər səbəbindən maliyyə çətinlikləri yaranan zaman dövlət bu müəssisələrə maliyyə yardımı edir.

    Bank öz növbəsində əhalinin borcunu restrukturuzasiya edir - ya ödəniş müddətini uzadır, yaxud da məbləğdə müəyyən güzəştlər edir. Bir müddət sonra bank imkanlarını nisbətən bərpa edəndən sonra dövlətdən aldığı vəsaiti ona geri qaytarır.

    Qonşu Rusiyada isə banka borcunu ödəyə bilməyən müştərilərin işini asanlaşdıracaq qanun qəbul edilib. Həmin qanun banka ipoteka borcunu ödəyə bilməyən şəxslərin müflis olması haqqındadır. Əgər kimsə götürdüyü ipoteka kreditini ödəyə bilmirsə, o, məhkəməyə müraciət edir və müflis olduğunun hüquqi baxımdan təsdiqlənməsini istəyir.

    Bu, o halda mümkün olur ki, kredit götürən şəxs bütün əmlakını satıb banka borcunu ödəyib, amma bununla belə borc bağlanmayıb. Belə olan halda həmin şəxsin ipoteka krediti ilə aldığı evi əlindən alınmır.

    Lakin Azərbaycanda, problemli kreditlərin azalması deyil , əksinə artım müşahidə olunur. Eyni zamanda yüksək faizli və ağır şərtlərlə verilən kreditlər ölkədə biznes, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların işini çətinləşdirir, onların sayını azaldır. Bu da öz növbəsində ölkə əhalisinin yaşayış səviyyəsinin, rifahının aşağı düşməsinə, həmçinin ümumilikdə ölkə iqtisadiyyatının inkişafına, daxili istehsala mənfi təsir göstərir.

    Rublika.az


    Facebook-da paylaş